Bakı, 9 dekabr, Aytac Haqverdiyeva, AZƏRTAC
Qadınların yaradıcı industriyalar sahəsində daha çox təmsil olunması və onların mövcud potensialının iqtisadi dəyərə çevrilməsi məsələsi təkcə bizim deyil, həm də dövlət strukturlarının diqqət mərkəzində olmalıdır. Çünki qadınlar təbiətən yaradıcı, yüksək bilik və bacarıqlara sahibdir, istedadlıdır və var olduqları hər mühitdə istehsal prosesinə qatqı verirlər.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində “TOBB” Türkiyə Media və Kommunikasiya Şurasının sədr müavini Fügen Toksü deyib.
“Lakin həmin istehsalın ailə çərçivəsindən çıxaraq iqtisadi sistemə inteqrasiya olunması, gəlir modelinə çevrilməsi hələ də kifayət qədər çətindir. Qanunvericilik, stimullaşdırıcı mexanizmlər və iqtisadi dəstək çərçivəsində daha çox addımlar atılmasına ehtiyac var. Bu gün artıq qadınların istehsal etdikləri məhsulların kooperativlər və rəqəmsal platformalar vasitəsilə bazara çıxarılması, e-ticarət modeli ilə satışa yönəldilməsi müsbət dinamika yaradıb. Bu proses, qadın əməyinin görünməzlikdən çıxmasına, həmçinin qlobal bazar imkanlarına açılmasına xidmət edir. Düşünürəm ki, yaxın illərdə bu tendensiya daha da güclənəcək”,-deyə Fügen Toksü vurğulayıb.
O qeyd edib ki, yaradıcı sənayelər təkcə istehsal ilə məhdudlaşmır, xidmət sektoru, mədəni layihələrin idarə olunması, incəsənət diplomatiyası və innovasiyaların tətbiqi sahələrində də qadın liderliyinin təsiri böyükdür. Lakin, ümumi əmək bazarına nəzər salsaq, qadınların iştirak payı hələ də arzu olunan səviyyədə deyil. Bizim məqsədimiz hər sektorda, o cümlədən yaradıcılıq sahəsində qadınların daha fəal rol alması, potensiallarının tam reallaşmasıdır. “Bu forumda Türkiyədən 25 nəfərlik, fərqli bölgələri təmsil edən iş xanımlarından ibarət heyətlə iştirak edirik. Hədəfimiz mədəni irsin qorunması və tanıdılması istiqamətində güc birliyi formalaşdırmaq, əməkdaşlıq platformalarını genişləndirmək və ortaq layihələr əsasında gələcək nəsillərə daha sağlam bir mədəni yaddaş ötürməkdir.
Azərbaycan isə bizim üçün təkcə tərəfdaş deyil, qardaş ölkədir. İnanıram ki, mədəni irsin daşınması, yaradıcılıq industriyalarının inkişafı, qadın sahibkarlığının dəstəklənməsi mövzularında ortaq mexanizmlər, birgə layihələr və davamlı əməkdaşlıq modelləri qurmaqla mühüm nəticələr əldə edə bilərik”.