Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) təşəbbüsü ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən Standartlaşdırma üzrə informasiya kommunikasiya texnologiyaları Texniki Komitəsinin (TK05) təqdim etdiyi bir sıra yeni İKT standartları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartları kimi təsdiq edilib. İKTA-dan 1news.az-a verilən məlumata görə, yeni dövlət standartları informasiya kommunikasiya texnologiyaları sahəsində enerji səmərəliliyinin artırılması, 5G və mobil şəbəkələrdə enerji istehlakının optimallaşdırılması, həmçinin simsiz giriş avadanlıqlarının enerji effektivliyinin qiymətləndirilməsi istiqamətində beynəlxalq təcrübəni əks etdirir. Dövlət standartları Avropa Telekommunikasiya Standartları İnstitutunun (ETSI) yayımladığı standartlar əsasında işlənib, hazırlanıb. Təsdiq edilən dövlət standartları aşağıdakılardır: – AZS ETSI ES 203 228:2025 – Mobil şəbəkələrdə enerji səmərəliliyinin qiymətləndirilməsi – AZS ETSI ES 203 475:2025 – Enerji səmərəliliyi üzrə standartlaşdırma şərtləri və tendensiyaları – AZS ETSI ES 203 700:2025 – 5G şəbəkələri üçün dayanıqlı enerji təchizatı həlləri – AZS ETSI ES 202 706-1:2025 – Ətraf mühit mühəndisliyi; Simsiz giriş şəbəkəsi avadanlığının enerji effektivliyi ilə bağlı göstəricilər və ölçmə metodu; 1-ci hissə: güc istehlakı – statik ölçmə metodu Bu standartların tətbiqi ölkəmizdə rəqəmsal infrastrukturun daha səmərəli, dayanıqlı və müasir beynəlxalq tələblərə uyğun şəkildə inkişafına töhfə verəcək. İKT sektorunda enerjidən səmərəli istifadə, dayanıqlılıq, innovasiya və beynəlxalq uyğunluq prinsiplərinin daha geniş tətbiqinə şərait yaradacaq. TK05 tərəfindən aparılan standartlaşdırma üzrə işlər rəqəmsal ekosistemin möhkəmləndirilməsi və milli texniki tələblərin beynəlxalq normalarla uyğunlaşdırılması istiqamətində mühüm addımdır. Xatırladaq ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.