Bakı, 9 dekabr, AZƏRTAC
Regionlarda sosial dəstək mexanizmlərinin əlçatanlığının artırılması üçün sosial xidmət mərkəzlərinin gücləndirilməsi, mobil psixoloji yardım qruplarının yaradılması, valideynlərlə mütəmadi maarifləndirici tədbirlərin keçirilməsi və icma əsaslı dəstək şəbəkələrinin inkişaf etdirilməsi vacibdir. Bu addımlar regionlarda, xüsusilə ölkənin ucqar rayon və kəndlərində yaşayan həssas qruplar üçün real dəyişiklik yaratmaq potensialına malikdir.
Bu barədə AZƏRTAC-a açıqlamasında “Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyinin rəhbəri Elnurə Abuşova deyib.
İctimai Birliyin rəhbəri qeyd edib ki, son aylarda sosial şəbəkələrdə uşağa qarşı zorakı tərbiyə üsullarının yayılması ciddi narahatlıq doğurur. Bu hallar cəmiyyətə mənfi təsir göstərməklə yanaşı, zorakılığın normallaşmasına səbəb olur. Bunun qarşısını almaq üçün valideynlər üçün pozitiv tərbiyə metodlarının təbliği, psixoloji savadlılıqla bağlı maarifləndirici kontentlərin hazırlanması, uşaqların təhlükəsizlik bacarıqlarının gücləndirilməsi və sosial mediada zərərli kontentə qarşı məlumatlandırma kampaniyalarının keçirilməsi zəruridir.
Yeniyetmələr arasında psixoloji problemlərin artması məktəblərdə psixoloji xidmətlərin zəifliyi ilə sıx bağlıdır. Psixoloq çatışmazlığı, geniş iş yükü və sistematik profilaktik fəaliyyətlərin aparılmaması gənclərin emosional vəziyyətinə mənfi təsir edir. Bu konteksdə icma əsaslı psixoloji dəstək modeli daha real və effektiv mexanizm kimi çıxış edir.
““Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyi 2023-cü ildən etibarən sosial sahədə innovativ təşəbbüslər həyata keçirən, sosial müdafiə və icma inkişafı istiqamətlərində fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. Qısa müddətdə təşkilat ətrafına peşəkar və motivasiyalı gəncləri cəlb edib, bir neçə sosialyönümlü uğurlu layihələr həyata keçirib. Bununla yanaşı, sosial təhlükəli vəziyyətdə yaşayan uşaqlar və onların ailələrinə könüllü sosial, psixoloji və hüquqi dəstək göstərib, xeyriyyə kampaniyaları, birbaşa sosial xidmətlər və yerli dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində icmaların rifahına töhfə vermişik. 2024-cü ildə isə QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən “Qızların İşıqlı Gələcəyi naminə Təhsil” layihəsi çərçivəsində qızların təhsil hüququnun qorunması istiqamətində vacib təşəbbüs olub”, - deyə E.Abuşova qeyd edib.
Hazırda aztəminatlı və həssas kateqoriyadan olan uşaqların bir çox sosial problemlərlə üzləşdiklərini deyən İctimai Birlik rəhbəri diqqətə çatdırıb ki, ailədaxili zorakılıq, təhsildən yayınma, valideyn nəzarətinin zəifləməsi, psixoloji gərginlik, erkən nikah riski, sosial xidmətlərə çıxışın məhdudluğu və ailə mühitində emosional dəstəyin çatışmazlığı kimi problemlər onların inkişafına mənfi təsir göstərir. Təşkilat bu problemlərin həlli istiqamətində həm birbaşa sosial dəstək göstərir, həm də icmalarda preventiv maarifləndirmə aparır. Məqsəd risk qrupların vaxtında aşkarlanması və dəstək mexanizmlərinə daha asan çıxışının təmin edilməsidir: “Son bir ildə ailə institutu sahəsində sosial şəbəkələrin təsiri altında tərbiyədə zorakı metodların normallaşdırılması, iqtisadi çətinliklər fonunda ailədaxili stressin artması, valideyn miqrasiyası səbəbindən uşaqların emosional boşluq yaşaması, yeniyetmələrdə aqressiya və depressiv vəziyyətlərin çoxalması, valideynlərlə məktəb arasında etibar münasibətlərinin zəifləməsi kimi yeni çağırışlar meydana çıxıb. Bu fonda təşkilat olaraq valideyn maarifləndirməsini gücləndirmişik, psixoloji dəstək proqramlarını genişləndirmişik və icmalarla daha sıx təmas qurmuşuq. Uşaq zorakılığı və erkən nikahın qarşısının alınması təşkilatımızın ümumi fəaliyyətinin mərkəzindədir. Məktəblərdə uşaqlar üçün təhlükəsizlik bacarıqları təlimləri keçilir, icmalarda erkən nikahın fəsadlarına dair maarifləndirici görüşlər təşkil olunur, riskli ailələr və qız uşaqları üçün fərdi psixoloji və sosial dəstək təmin edilir. Müəllimlərlə iş aparılaraq zorakılığın erkən aşkarlanması mexanizmlərinin tətbiqi gücləndirilir”.
E.Abuşova qeyd edib ki, hazırda İctimai Birliyin əsas layihələri sosial müdafiəyə çıxışın gücləndirilməsi, qızların təhsil hüququnun qorunması və sosial təhlükəli vəziyyətdə yaşayan uşaqlara psixososial dəstəyin göstərilməsi istiqamətlərinə cəmlənib. Son illərdə həyata keçirdiyimiz fəaliyyətlər nəticəsində yüzlərlə uşağa və ailəyə sosial və psixoloji yardım göstərilib, qızların təhsilə çıxış imkanları artırılıb, icmalarda sosial rifahın yüksəldilməsinə xidmət edən maarifləndirici tədbirlər genişləndirilib. Dövlət qurumları və digər QHT-lərlə əməkdaşlıq fəaliyyətimizin ayrılmaz hissəsidir. Yerli icra hakimiyyətləri, sosial xidmət müəssisələri, təhsil strukturları və vətəndaş cəmiyyəti təşkilatları ilə qurduğumuz əməkdaşlıq risk altında olan uşaqların daha tez aşkarlanmasına, onların sosial müdafiə sisteminə yönləndirilməsinə və preventiv fəaliyyətlərin geniş auditoriyaya çatmasına imkan yaradır. Təşkilat sosial sahədə innovativ yanaşmalara xüsusi diqqət ayırır. Uşaqlar və ailələrlə interaktiv maarifləndirmə formatlarının tətbiqi, icma əsaslı erkən müdaxilə mexanizmlərinin qurulması, könüllülər şəbəkəsi vasitəsilə dəstək xidmətlərinin yaradılması və müasir kommunikasiya vasitələrindən istifadə bu innovativ yanaşmaların əsasını təşkil edir.