Milli Məclis 2026-cı il üçün əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləğini üçüncü oxunuşda qəbul edib.
Vətəninfo.az xəbər verir ki, bu, Milli bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən ediləcək.
Məlumat üçün bildirək ki, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Bu o deməkdir ki, 2026-cı il üçün ölkə üzrə yaşayış minimumunun 15 manat, yəni təxminən 5,26 % artırılması nəzərdə tutulur.
Layihə qəbul ediləcəyi təqdirdə, 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək. 2026-cı il üçün yaşayış minimumunun artırılmasının iqtisadi əsasları nələrdir? Bu artım inflyasiya proqnozları ilə nə qədər uzlaşır? 15 manatlıq artım real yaşayış səviyyəsini yüksəltmək üçün kifayət edəcəkmi?
Əhalinin əsas istehlak səbətinin qiymət artımları ilə müqayisədə bu artım hansı təsiri göstərəcək? 2026-cı ildən sonra yaşayış minimumunun artım tempi necə proqnozlaşdırılır? Orta və uzun müddətli perspektivdə hansı dəyişikliklər gözlənilir?
![]()
İqtisadçı Eldəniz Əmirov Musavat.com-a deyib ki, yaşayış minimumunun səviyyəsi bütün əhali kateqoriyasının alıcılıq qabiliyyətinin yüksəlməsinə, əmək haqlarının, pensiyaların artmasına birbaşa təsiri yoxdur:
“Çünki yaşayış minimumu haqqında AR-nın qanununda konkret ikinci maddədə yaşayış minimumunun hansı məqsədlər üçün istifadə olunduğu qeyd olunub. Orada bildirilir ki, aztəminatlı ailələrə ünvanlı sosial yardımının göstərilməsinin sistemli formalaşdırılması və tətbiq edilməsi, eyni zamanda, aztəminatlı ailələrin rifahının yüksəldilməsi kompensasiyası və dövlət proqramlarının hazırlanması baxımından bu göstəricilər çox önəmlidir. Yəni bir var yardımın birbaşa verilməsi, bir də var ki, məhz bu istiqamətdə dövlət proqramlarının hazırlanmasında həmin göstəricilərdən istifadə olunur.
Əlavə olaraq, əhalinin həyat səviyyəsinin qiymətləndirilməsində, həmçinin proqramların planlaşdırılmasında bu məlumatlardan istifadə edilir. Və bir də bilavasitə qanunvericilikdə təsbit olunur ki, fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılması zamanı bu göstəricilər nəzərə alınır. Yəni burada bir çox kateqoriyalar mövcuddur. Mən hər birini sadalaya bilmirəm, çünki bir çoxu yadımdan çıxıb. Yaşayış minimumu budur, amma daha çox praktik olaraq hansı hallarda təsir göstərdiyini və hansı müsbət nəticələr verdiyini belə qeyd edək: məsələn, yaşayış minimumunun artması birbaşa aztəminatlı ailələrin ünvanlı sosial yardım almasına, yəni həmin yardımın həcminə təsir göstərir.
Misal üçün, yaşayış minimumu 300 manata qalxırsa, deməli, yardımın hesablanmasında istifadə olunan minimum təminat hədləri də bu qədər artır. Bundan aşağı ola bilməz. Məsələn, 3 nəfərlik bir ailə düşünək: onların əsas ehtiyac meyarı 300 manatdırsa, 3 nəfər üçün bu, 900 manat edəcək. Əgər ailənin ümumi gəliri 400 manatdırsa, onda 900-dən — yəni ümumi ehtiyac məbləğindən — bu gəlir çıxılır və həmin fərq ünvanlı sosial yardımın həcmini təşkil edir. Yəni bu halda 500 manat edir. Əvvəlki göstəricidə isə, məsələn, bu ailəyə 500 manat deyil, 410 manat verilməli idi. Növbəti illərdə — yəni 2026-da deyil, 2027-ci, 2028-ci və 2029-cu illərdə də yaşayış minimumunun həcmi artırılacaq. İlkin hazırlıq proqnozlarına görə, 2027-ci ildə bu rəqəm 311 manata qaldırılacaq, 2028-ci ildə 325 manata, 2029-cu ildə isə 338 manata yüksəldiləcək. Yəni ortalama hər il 11–14 manat arasında dəyişəcək”.
![]()
İqtisadçı Xalid Kərimli də Musavat.com-a açıqlamasında fikirlərini bildirib:
“Bu məsələ zaman-zaman gündəmə gəlir və insanlar sosial şəbəkələrdə buna əsaslanaraq uzun müzakirələr aparırlar. Yaşayış minimumunun məqsədi hökumətin sosial siyasətində minimal həddi müəyyənləşdirməkdir. Hökumət bunu üç kateqoriyaya bölüb və yaşayış minimumu haqqında qanunda təsbit edib.
Məsələn, əmək qabiliyyətli şəxslər üçün yaşayış minimumu 317 manat, uşaqlar üçün 260 manatdır. Orta göstərici isə 300 manat götürülür. Yəni bu, o deməkdir ki, ümumi orta rəqəm 300 manatdır. Məsələn, əmək qabiliyyətlilər üçün 317 manat müəyyən edilib — burada 17 manatlıq fərq yaranır.
Hökumət bildirir ki, ölkədə bir insanın minimal yaşayışı üçün bu məbləğ tələb olunur və bu rəqəm sosial yardımın hesablanmasında əsas götürülür. Yəni əgər ailənin və ya fərdin gəliri bu həddən aşağıdırsa, dövlət həmin fərqi kompensasiya edir. Məsələn, 4 nəfərlik bir ailənin minimal aylıq gəliri 1200 manat olmalıdır. Hesablamada bu rəqəm aşağı çıxarsa, dövlət fərqi ödəyir. Məsələn, ailənin gəliri 1000 manatdırsa, 4 nəfərə görə 300 manat dövlət tərəfindən verilir. Keçən il bu rəqəm 265 manat idi, bu il isə 300 manata qaldırılıb.
Minimum istehlak səbəti isə üç hissədən ibarətdir: ərzaq məhsulları, qeyri-ərzaq məhsulları və xidmətlər. Bu komponentlərin hər biri üçün minimal istehlak normaları mövcuddur. Yəni bir insanın normal qidalanması, sağlam yaşaması və fiziki balansını qoruması üçün müəyyən illik normativlər müəyyən edilib — məsələn, ildə nə qədər yumurta, nə qədər ət və digər məhsullar istehlak etməli olduğu kimi. Bu məhsulların orta qiymətləri hesablanır, normativlərlə vurulur və nəticədə yaşayış minimumu müəyyən edilir.
15 manatlıq artımın real yaşayış səviyyəsini yüksəldib-yüksəltməyəcəyinə gəlincə, bəli, kifayət edəcək. Nazirlər Kabineti hesablayıb ki, bu məbləğ yetərlidir”.
İqtisadçı inflyasiya gözləntilərindən də danışıb:
“2026-cı il üçün proqnozlara əsasən, inflyasiya 4–5 faiz intervalında gözlənilir. Bu isə o deməkdir ki, növbəti illərdə yaşayış minimumu da inflyasiyaya uyğun olaraq 4–5 faiz artacaq. Məsələn, gələn il 300 yox, 315 manat ola bilər. Orta və uzunmüddətli dövrdə hansı dəyişikliklər mümkündür? Qiymətlərin və inflyasiyanın sabit qalması cəmiyyətin aşağı gəlirli təbəqəsi üçün daha əlverişlidir. Amma minimum istehlak səbətinin tərkibi və normativləri hökumət tərəfindən yenidən nəzərdən keçirilə bilər. Çünki səbətin strukturu və məhsulların siyahısı illər əvvəl müəyyən edilib. Zərurət yaranarsa, hökumət bu normativlərə yenidən baxa və onları müasir tələblərə uyğunlaşdıra bilər. Belə olarsa, minimum yaşayış həddi də buna uyğun olaraq artırıla bilər”.