Məktəblərin 12 illik təhsil sisteminə keçidi Azərbaycanda müzakirə olunan, zəruri hesab edilən, lakin hələ tətbiq olunmayan bir məsələdir; ekspertlər bu keçidin gələcəyin tələblərinə cavab vermək, təhsilin keyfiyyətini artırmaq, beynəlxalq standartlara uyğunlaşmaq və şagirdləri universitetə daha yaxşı hazırlamaq üçün vacib olduğunu düşünürlər.
Baxmayaraq ki, bəziləri hazırkı sistemdə də optimallaşdırmanın mümkünlüyünü qeyd edir və keçidin hüquqi islahatlar, yeni proqramlar və infrastruktur dəyişiklikləri tələb etdiyini vurğulayır.
Dünyanın inkişaf etmiş ölkələrində ali təhsil müəssisələrinə qəbul üçün namizədlərdən minimum 12 illik orta təhsil tələb olunur. Bu qayda Harvard, Stanford, Oksford, Kembric, Sidney Universiteti və digər nüfuzlu ali məktəblərin qəbul şərtlərində açıq şəkildə əksini tapır.
Azərbaycanda isə orta məktəb təhsili hazırda 11 illik formatda təşkil olunduğundan, bu, ölkə vətəndaşlarının birbaşa olaraq həmin universitetlərə qəbul imkanlarını məhdudlaşdırır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, yuxarı siniflərdə şagirdlər ixtisas yönümlü təhsilə başlamalı, məsələn, tibb, iqtisadiyyat, humanitar və ya digər sahələr üzrə istiqamətlərini seçməlidirlər:
“Bu baxımdan həmin mərhələni bakalavrın hazırlıq dövrü kimi qəbul etmək və bu kontekstdə 10 illik təhsil sistemini zəruri hesab etmək mümkündür. Digər hallarda isə sadəcə müddətin artırılmasının ciddi faydası yoxdur.
Hazırda demək olar ki, biz 12 illik təhsil sistemindəyik. Əgər məktəbə hazırlıq qruplarını da təhsilin başlanğıc mərhələsi kimi qəbul etsək, bu halda 1-ci sinifdən 11-ci sinifə qədər ümumilikdə 12 illik bir müddət alınır.
Yeni sistem özünü xüsusilə 10-11-ci siniflərdə şagirdlərin konkret ixtisas istiqamətini müəyyənləşdirməsində göstərə bilər. Yəni bu mərhələ bir növ bakalavr təhsilinin ilkin mərhələsi kimi qəbul oluna bilər. Bu kontekstdə 12 illik təhsilə keçid məqsədəuyğun görünür”.
“Hazırda məktəbə hazırlıq qruplarında uşaqlar tədrisə başlayır, daha sonra ibtidai sinfə keçirlər. Bu ardıcıllığı nəzərə alsaq, artıq ümumi təhsil müddəti kifayət qədərdir. Əgər bu müddətə 1 illik məktəbə hazırlıq da əlavə olunursa, bu halda tam 11 illik bir proses alınır. Əlavə olaraq 12 illik sistemə keçidin isə real ehtiyac doğurduğunu düşünmürəm, çünki bu əlavə vaxt və maliyyə itkisinə səbəb ola bilər”, – ekspert yekunlaşdırıb.