"Müasir dövrdə dünya qarşısında duran ən böyük çağırışlardan biri ekoloji tarazlığın qorunmasıdır. Ekoloji tarazlıq yalnız bir elmi anlayış deyil. Bu gün ekoloji sabitlik - iqtisadi davamlılığın, sosial rifahın və milli təhlükəsizliyin əsas dayaqlarından birinə çevrilib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "Biz iqlim böhranının nəticələrini artıq gündəlik həyatımızda görürük: su ehtiyatlarının tükənməsi, hava çirklənməsi, meşələrin azalması və bio müxtəlifliyin zəifləməsi; - Bütün bunlar yeni yanaşmaların zəruriliyini gündəmə gətirir, bizi daha səmərəli və elmi əsaslı həll yollarını axtarmağa çağırır. Bu baxımdan, XXI əsrin aparıcı texnoloji gücü olan süni intellekt ekoloji siyasətin formalaşdırılmasında mühüm alətə çevrilir. Süni intellekt təkcə texnoloji yenilik deyil, ekoloji siyasətimiz üçün strateji tərəfdaşdır.

COP29-un Azərbaycanda keçirilməsi isə bu yanaşmanın beynəlxalq miqyasda təsdiqi oldu, ölkəmizin qlobal ekoloji proseslərdə oynadığı rolun və məsuliyyətinin bariz göstəricisinə çevrildi. Bu tədbir ölkəmizin həm ekoloji diplomatiyada, həm də innovasiyaların tətbiqində aparıcı mövqeyini daha aydın nümayiş etdirərək innovativ və davamlı inkişaf modelinin dünyaya təqdim olunmasına mühüm töhfə verdi.
COP29, eyni zamanda, süni intellektin ekoloji siyasətdə tətbiqi ilə bağlı geniş müzakirələr üçün platforma yaratdı və Azərbaycanın bu sahədə atdığı addımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31