Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Ramiz Mehdiyevin milli dövlətçiliyimizə, Ulu Öndər Heydər Əliyevin siyasi mirasına və onun müəyyən etdiyi siyasi xəttə uzun illər mənfi yanaşması var idi. Ulu Öndər xaricdə müalicə olunduğu dövrdə Ramiz Mehdiyevin bu proseslərə münasibəti, onun mövqeyi mediada və siyasi gedişlərdə açıq görünürdü”.Bunu Demokrat.az-a açıqlamasında sabiq deputat Fəzail Ağamalı deyib. O bildirib ki, həmin illərdə “Azadlıq”, “Müsavat”, “Yeni Müsavat” və digər müxalif qəzetlərdə dərc olunan bir çox yazılar, köşə məqalələri və məlumatlar Heydər Əliyevin siyasi xəttini gözdən salmaq, onun dövlətçilik ideyalarını zədələmək məqsədi daşıyırdı:“Mənə çatmış bir neçə etibarlı mənbələrin məlumatına görə, həmin kampaniyanın arxasında Ramiz Mehdiyev dayanırdı. 2001-ci ildə “Neytral” qəzetinə verdiyim geniş müsahibədə bu məkrli fəaliyyətlə bağlı fikirlərimi açıq bildirdim. Mən Ramiz Mehdiyevi Ulu Öndərin siyasi kursuna və komandaya xəyanətdə ittiham etdim və bu addımı milli dövlətçilik prinsipləri baxımından şərəfsizlik hesab etdiyimi bəyan etdim. Bir aya qədər mətbuatda bununla bağlı çoxlu məqalələr, təhlillər, şərhlər yayıldı. Ramiz Mehdiyevin Rusiyadan idarə olunması, Heydər Əliyevdən sonra hakimiyyətə gəlmək üçün çalışması da o dövrdə açıq görünürdü. Kremlin siyasi dairələri onu Ulu Öndərdən sonra mümkün namizəd kimi təqdim edir, onun reytinqinin yüksəldilməsi üçün informasiya mühiti formalaşdırılırdı. Biz isə həmin illərdə açıq şəkildə bildirirdik ki, Heydər Əliyevdən sonra hakimiyyətə gələcək yeganə siyasi fiqur İlham Əliyevdir. Yaratdığım İntibah Sosial-Siyasi Araşdırmalar Mərkəzi həmin proseslərin ictimaiyyətə çatdırılmasında, yüzlərlə məqalə və analitik materialla informasiya mübarizəsində fəal iştirak etdi”. Sabiq millət vəkili diqqətə çatdırıb ki, Ramiz Mehdiyevin mövqeyinə qarşı Siruz Təbrizli, Dövər Allahverdiyev, Əli İnsanov, Əli Nağıyev kimi şəxslər də müxtəlif platformalarda etirazlarını bildirirdilər:“Biz Kremlin Ramiz Mehdiyev üzərindən aparmaq istədiyi siyasi planların qarşısının alınmasında müəyyən rol oynadıq. Sonrakı illərdə Mehdiyevin fəaliyyəti daha qabarıq şəkildə görünməyə başladı. O, müxalifət qəzetləri və siyasi qruplarla əlaqələr quraraq özünü siyasi mərkəzə çevirməyə çalışırdı. 2003-cü ildə İlham Əliyevin prezident seçilməsindən sonra hakimiyyət daxilində müəyyən kadr dəyişiklikləri baş verdi və bir çox sadiq şəxslər sistemdən uzaqlaşdırıldı. “Ana Vətən” Partiyasına qarşı uzun illər davam edən təzyiqlər də bu çərçivədə idi və proses demək olar ki, 20 ilə yaxın davam etdi. Bu müddətdə Ramiz Mehdiyev nə milli dövlətçilik ideyasını dəstəklədi, nə də Ulu Öndərin siyasi kursuna sadiqlik nümayiş etdirdi. Əksinə, o, müxalifətin müxtəlif qanadları, xüsusilə də Əli Kərimli ilə əməkdaşlıqda ittiham olunurdu. Bu gün baş verənlər isə faktiki nəticədir.Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı istintaq nəticəsində Ramiz Mehdiyev, həmçinin Əli Kərimli və onun ətrafı istintaqa cəlb olunub. Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və korrupsiya əməllərinə görə cinayət işi üzrə araşdırılır”.F.Ağamalı istintaq prosesini obyektiv və ədalətli hesab etdiyini deyib:“Xüsusilə Əli Nağıyevin DTX-ya rəhbər gətirilməsindən sonra dövlətə qarşı yönəlmiş xarici şəbəkələrin və daxili xain qüvvələrin ardıcıl ifşası aparılıb. Hazırda gedən proses də həmin xəttin davamıdır və cəmiyyət tərəfindən dəstəklənməkdədir. Bu şəxslər ölkə daxilində yetərli sosial dayağa malik olmadıqları üçün fəaliyyətlərini uzun illər xarici dəstək üzərində qurmağa cəhd ediblər. Rusiyanın və İranın müəyyən dairələrindən aldıqları siyasi mesajlar əsasında hərəkət etmələri barədə iddialar var. Lakin bu cəhdlərin perspektivsiz olduğu artıq aydındır. Dövlətçiliyimiz güclüdür, siyasi iradə qətidir və bu iradənin mərkəzində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev dayanır. Ramiz Mehdiyev və onun kimi şəxslərin məğlubiyyəti tarixi proseslərin məntiqi nəticəsidir”.Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.