AZ

Cəlaloğlu: Sülh sənədinə Rusiyanın başqa ölkələrə hücum etməyəcəyinə dair müddəa daxil ediləcək

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

“Hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsinin başa çatması prosesində Rusiyanın Avropa və keçmiş SSRİ respublikaları üçün hər hansı təhlükə yaratmayacağına dair təminat alınacaq. Əks halda Ukrayna müharibəsinin başa çatmasını Amerika da istəməz, bu onun maraqlarına uyğun olmaz. Rusiya Ukraynada müəyyən qədər maraqlarını təmin etdikdən sonra, məncə, sülh müqaviləsində Rusiyanın bir daha belə müharibələrə başlamayacağına dair müddəa öz əksini tapacaq. Belə bir müddəa olmasa, Ukrayna-Rusiya müharibəsini dayandırmağın mənası və əhəmiyyəti qalmaz”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Rusiyanın Ukraynadakı müharibəsi bitdikdən sonra Avropa və qonşu ölkələrə qarşı aqressiv addımlar atıb-atmayacağı barədə danışarkən deyib.

Onun sözlərinə görə, məsələ təkcə Rusiya-Ukrayna müharibəsinin həmin ölkələrə vurduğu ziyanla bağlı deyil, bu müharibənin qlobal iqtisadiyyat və siyasətə göstərdiyi ciddi təsirlərlə əlaqəlidir.

S. Cəlaloğlunun fikrincə, əgər Rusiya bu siyasəti davam etdirərsə və üzünü cənuba və ya digər istiqamətlərə çevirərsə, o zaman qlobal iqtisadiyyata daha böyük zərbələr dəyər və münaqişələrə başqa dövlətlərin də qoşulması qaçılmaz ola bilər.

Partiya sədrinin sözlərinə görə, Pakistan-Azərbaycan-Türkiyə hərbi ittifaqının mövcudluğu müddətində Rusiya Azərbaycana qarşı aqressiv addımlar ata bilməyəcək: “Eyni zamanda Azərbaycan və Ermənistan həm Avropa, həm də Amerika ilə əlaqələrini inkişaf etdirir, strateji müttəfiqlik və dostluq sənədləri hazırlayır. Belə yaxınlaşmalar və sənədlərin imzalanması əslində təhlükəsizliklə bağlıdır. Ona görə də Amerika Rusiya və Ukrayna arasında sülh sazişi imzalanarkən öz strateji müttəfiqlərinin təhlükəsizliyinin təmin edilməsinə dair müddəanı həmin sənədə daxil edəcək”.

S. Cəlaloğlu əlavə edib ki, hələlik konkret razılaşma sənədi olmadığına görə bu məsələlər gündəmə gəlmir:

“Hazırda Ukrayna ilə Rusiya arasında atəşkəs məsələsi müzakirə edilir. Lakin gələcəkdə sülh müqaviləsi imzalanacağı halda, sənəddə Rusiyanın dünya siyasətindəki yeri və rolu, qonşu dövlətlərlə münasibəti, qlobal iqtisadiyyatda rolu və digər məsələlər öz əksini tapacaq”.

Nemət ORUCOV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
reyting.az

1Mənbələr