Bakı ilə Tiflis arasında Azərbaycan yanacağının Ermənistana tranziti ilə bağlı yaranan problemlər son günlər iki ölkə arasında gərginlik yaradıb. İddialara görə, Gürcüstan 111 kilometrlik tranzit üçün ton başına 92 dollar tarif tətbiq etməyə çalışsa da, sonradan pulsuz tranzitə razılıq verilib.
Belə ki, bu gərginlik fonunda Moskvanın regionda geosiyasi təsirini artırmaq və Cənubi Qafqaz ölkələrini bir-birinə qarşı alət kimi istifadə etmək niyyəti rol oynaya bilər. Rusiya və İrandan yan keçən nəqliyyat layihələrinin əsas məqsədinin iqtisadi deyil, geosiyasi xarakter daşıdığı vurğulanır.
Bəs, Moskvanın Cənubi Qafqazda yeni geosiyasi qarşıdurmalar yaratmaq və region ölkələrini bir-birinə qarşı alət kimi istifadə etmək niyyəti nə dərəcədə real görünür?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Fikrət Nəsrəddinzadə qeyd edib ki, Azərbaycanın Ermənistan istiqamətində yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırması təsadüfi addım deyil:
“Bu qərar ölkənin öz gücünə və siyasi iradəsinə arxayın olduğunu açıq şəkildə nümayiş etdirir.
Rəsmi Bakı qarşı tərəfin hər hansı qarşılıq addımını gözləmədən, əlavə şərtlər irəli sürmədən və xarici vasitəçilərin təşəbbüsünə ehtiyac duymadan kommunikasiya xəttini açıb.
Bu, bölgədə nadir rast gəlinən praqmatik və məsuliyyətli yanaşmadır. Azərbaycanın atdığı bu addım Cənubi Qafqazda sülhün, sabitliyin və iqtisadi əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Bakı bu qərarla yalnız humanitar və iqtisadi məsuliyyətini yerinə yetirmir, eyni zamanda regional proseslərin lideri olduğunu da göstərir. Ölkə nümayiş etdirir ki, sülh təşəbbüsləri gücdən deyil, güvəndən qaynaqlanmalıdır”.
Şərhçi bildirir ki, bu prosesin davamı olaraq Gürcüstan hökuməti də tərəfdaş mövqeyini ortaya qoyub:
“Azərbaycandan yanacağın Ermənistan istiqamətində tranziti ilə bağlı rəsmi müraciət daxil olduqdan sonra, Gürcüstanın baş nazirinin göstərişi ilə “Gürcüstan Dəmir Yolları”na operativ şəkildə tapşırıq verilib. Nəticədə sözügedən yükün tarif tətbiq edilmədən daşınmasına qərar verilib.
Gürcüstan Azərbaycan yanacağının Ermənistana dəmir yolu ilə daşınmasını tamamilə pulsuz həyata keçirəcək.
Tbilisinin rüsumdan imtina qərarı sülh prosesinə verilən açıq siyasi və diplomatik mesaj, eyni zamanda regional əməkdaşlığa jest kimi qiymətləndirilə bilər. Şübhəsiz ki, bu prosesə mane olmaq istəyən qüvvələr mövcuddur və onların böyük hissəsi Ermənistanda cəmləşib.
Radikal qruplar, Qarabağ klanı, kilsə ətrafında formalaşan siyasi dairələr sülh və əməkdaşlıq gündəmini qəbul etmək istəmirlər.
Lakin reallıq ondan ibarətdir ki, kommunikasiya xətləri açıldıqdan və real əməkdaşlıq mexanizmi işə düşdükdən sonra bu qüvvələrin təsir imkanları tədricən zəifləyəcək.
Ermənistanın Türkiyə və Azərbaycandan iqtisadi və nəqliyyat baxımından asılılığı artdıqca, rəsmi İrəvan üçün alternativlər daralacaq”.
Fikrət Nəsrəddinzadə vurğulayır ki, eyni zamanda, bu əməkdaşlıq Ermənistanın özü üçün də iqtisadi imkanlar yaradır:
“Ticarət əlaqələrinin genişlənməsi, regional layihələrdə iştirak erməni cəmiyyətinin müəyyən hissəsinin də prosesi dəstəkləməsinə səbəb olacaq. Sosial-iqtisadi faydalar ön plana çıxdıqca, sülhə qarşı olan qrupların arqumentləri təsirsiz qalacaq. Əgər Ermənistan–Azərbaycan iqtisadi və ticarət münasibətləri dərinləşərsə, Türkiyənin də bu prosesdə rolu qaçılmaz olaraq artacaq. Bu isə Ermənistan üçün əlavə tranzit imkanları, yeni bazarlar və iqtisadi dividendlər deməkdir. Belə bir şəraitdə Rusiyanın bu prosesə mane olması real görünmür.
Moskva özünün də regional əməkdaşlıq layihələrində maraqlı olduğunu gizlətmir.
Bunun bariz nümunəsi kimi Azərbaycanın da fəal iştirak etdiyi Şimal–Cənub nəqliyyat dəhlizini göstərmək olar. Rusiya bu dəhliz vasitəsilə regional inteqrasiyada iştirak etməyə xüsusi önəm verir və bu kontekstdə Cənubi Qafqazda əməkdaşlıq mühitinin formalaşması onun maraqları ilə ziddiyyət təşkil etmir”.