AZ

Filoloq alim: Televiziya və sosial media sahəsində dil normalarına laqeydlik daha çox nəzərə çarpır

Bakı, 9 dekabr, AZƏRTAC

Ana dilimiz milli kimliyimizin əsas dayağı olmaqla yanaşı, həm də dövlətçiliyimizin mühüm siyasi göstəricisidir. Qloballaşma, internet mühiti, xarici dillərin təsiri, mediada standartlara laqeydlik və diaspor mühitində ədəbi dilə diqqətin azalması Azərbaycan dilinin gələcəyi üçün müəyyən real çətinliklər yaradır. Məhz buna görə noyabrın 3-də AMEA-nın 80 illik yubileyində Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması və dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi məsələsini aktuallaşdırması bu istiqamətdə daha sistemli strategiyaya ehtiyac olduğunu nümayiş etdirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid deyib.

Alim bildirib ki, elmin dövlət tərəfindən dəstəklənməsi, AMEA-nın elmi potensialının gücləndirilməsi, ensiklopediya və lüğətlər üzərində işlərin genişləndirilməsi Azərbaycan dilinin elmi əsaslarının möhkəmlənməsinə yol açsa da, real müsbət nəticələrə nail olmaq üçün həm gündəlik ünsiyyətdə, həm də elmi, texniki və ictimai həyatın bütün sahələrində ədəbi normaya riayət olunmasına ehtiyac duyulur. “Problem isə yalnız dilimizə yad təsirlərlə bağlı deyil, özümüzün dilə məsuliyyətsiz yanaşmamızdadır. Xüsusilə televiziya və sosial media sahəsində dil normalarına laqeydlik daha çox nəzərə çarpır. Bu isə tədricən dili pozur və ədəbi ifadə gücünü zəiflədir. Belə bir şəraitdə akademik müzakirələrdən praktik addımlara keçid strategiyası məqsədəuyğundur. Bütün istiqamətləri ümumiləşdirsək, qarşıdakı illər üçün konkret təkliflər irəli sürülə bilər: müasir sahələri əhatə edən elektron terminologiya bazasının yaradılması, televiziyalarda dilə nəzarət edən daimi ekspert qruplarının fəaliyyətə başlaması, məktəb və universitetlərdə praktik yazı təlimlərinin artırılması, diaspor üçün onlayn Azərbaycan dili platformasının hazırlanması, mədəniyyət və media sahəsində illik “dil keyfiyyəti” qiymətləndirmə sisteminin tətbiqi, dövlət qurumlarında dil standartları üzrə məsul şəxslərin təyin olunması, dil mütəxəssisləri ilə müvafiq qurumlar arasında mütəmadi məsləhətləşmə mexanizminin yaradılması və s. kimi addımlar həm realdır, həm də qısa müddətdə təsir göstərə bilər. Həmçinin Dövlət dili ilə bağlı qanunvericilik standartlarının tətbiqinə nəzarət gücləndirilməlidir. Burada məqsəd cərimələrə əsaslanan sərt nəzarət yaratmaq deyil, məsuliyyət hissini artırmaq olmalıdır.

Nəticə olaraq, Azərbaycan dili bu gün qorunmağa ehtiyacı olan ali dəyər, eyni zamanda inkişaf potensialı yüksək olan canlı bir sistemdir. Prezidentin nitqi bu sahədə yeni mərhələnin başlandığını göstərir. Dilimizin gələcəyi yalnız dövlət proqramları ilə deyil, hər birimizin gündəlik davranışı, danışığı, yazısı, övladlarımıza ötürdüyümüz mədəni vərdişlərlə bağlıdır. Əgər bu məsuliyyəti bölüşsək, Azərbaycan dili həm sabit, həm zəngin, həm də gələcək nəsillər üçün ilhamverici bir milli sərvət olaraq qalacaq”,-deyə filologiya üzrə fəlsəfə doktoru vurğulayıb.

 

Seçilən
27
azertag.az

1Mənbələr