AZ

Şimali Kiprin naziri: Azərbaycanla birgə rəqəmsal məşğulluq sistemi qurmağı planlayırıq - MÜSAHİBƏ

BAKI, 8 dekabr. TELEQRAF

Şimali Kipr Türk Cümhuriyyətinin əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu Teleqraf İnformasiya Agentliyinin suallarını cabablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Cənab nazir, öncə bilmək istərdik, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasında əmək, məşğulluq və sosial təminat sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində hansı ortaq proqram və təşəbbüslər planlaşdırılır?

- Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin əmək və sosial müdafiə nazirləri səviyyəsində ilk toplantı keçirildi. Bu çərçivədə tədbiri çox önəmli hesab edirik. İlk növbədə belə bir təşəbbüs göstərib toplantını təşkil etdiyi üçün Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkürümüzü çatdırırıq. Bu, Azərbaycanın əməyə, əməkçiyə verdiyi dəyərin göstəricisidir.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nazirlərini bir araya gətirən bu görüş əmək münasibətləri, məşğulluq və sosial müdafiə siyasətlərində dövlətlər arasında əməkdaşlığı genişləndirməyi hədəfləyir. İnsan doğulur, yaşayır, vəfat edir, amma sosial təminat daima davam etməlidir. Bunun təminatçısı isə dövlət və onun müvafiq qurumlarıdır.

Biz üzv ölkələr arasında işçi münasibətlərini, əmək fəaliyyətini necə tənzimləyə bilərik? Bu sahədə birgə hansı işləri görə bilərik? Ümumilikdə, əmək həyatının daha müasir və təminatlı şəraitdə təşkili, digər ölkələrin tətbiq etdiyi uğurlu modellərin öyrənilməsi, sosial müdafiə siyasətləri, qeyri-qanuni əmək miqrasiyasının qarşısının alınması kimi mövzular müzakirə olunub.

Xüsusilə Şimali Kipr Türk Cümhuriyyətində həm işləyən, həm də təhsil alan təxminən 1000-ə yaxın azərbaycanlı qardaşımız var. Onlar sığortalıdır və bizim vətəndaşlara verilən bütün hüquqlardan eyni qaydada yararlana bilirlər. Sığortası olan, iş icazəsi ilə çalışan azərbaycanlılar bizim vətəndaşlarımız kimi təhsil və sağlamlıq xidmətlərindən ödənişsiz istifadə edə bilirlər. Biz də bunu daha da inkişaf etdirmək, genişləndirmək istəyirik. Bu istiqamətdə müzakirələrimiz davam edəcək.

- Azərbaycan şirkətlərinin Şimali Kipr Türk Cümhuriyyətində investisiya qoyuluşu və biznes fəaliyyəti çərçivəsində yerli əmək bazarına inteqrasiya prosesini asanlaşdırmaq üçün nazirlik hansı hüquqi və inzibati mexanizmlər üzərində çalışır?

- Yatırım və ticarət sahələri var və biz müəyyən sektorlar üzrə investorları stimullaşdırırıq. Məsələn, Azərbaycandan kimsə gəlib turizm sahəsinə investisiya qoymaq istəsə, müəyyən güzəştlər tətbiq edirik. Otel tikəcəksə, imkan daxilində torpaq ayırırıq ki, investisiya həyata keçirə bilsin. Turizm sahəsində bu cür təşviqlərimiz mövcuddur.

Eyni zamanda, azərbaycanlı qardaşlarımız Şimalı Kiprdə mənzil ala bilirlər. Bu zaman heç bir problem yaranmır və onlar aldığı mülkün sənədlərini öz adlarına rəsmiləşdirə bilirlər. Yəni birbaşa mülkiyyət hüququ ilə əldə edə bilirlər.

Azərbaycanlı qardaşlarımıza da öz vətəndaşlarımız kimi fərq qoymadan bütün xidmətləri göstərməyə hazırıq və göstərməyə də davam edəcəyik.



- Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasında sosial müdafiə sahəsində elektron sistemlərin inteqrasiyası və birgə platformaların yaradılması planlaşdırılırmı?

- Biz bu inteqrasiya işini Türkiyə ilə artıq həyata keçirmişik. Məsələn, iş tapmaq üçün inteqrasiya olunmuş sistem qurduq. Azərbaycanda DOST mərkəzləri var, onların fəaliyyəti ilə maraqlandıq. Biz istəyirik ki, Türkiyədə olduğu kimi, Azərbaycanla da rəqəmsal platformalarımız inteqrasiya olunsun.

Məsələn, Azərbaycandan olan bir qardaşımız Şimali Kiprdə işləyir, sığorta haqqını ödəyir. O, Azərbaycana qayıdanda bizdə işlədiyi müddətdə ödədiyi sığorta haqqının pensiya stajına əlavə olunmasını istəyirik. Biz buna “birleştirme işlemi” deyirik. Türkiyə ilə etdiyimiz kimi bunu Azərbaycanla da həyata keçirmək niyyətindəyik.

Eynilə Şimali Kipr vətəndaşı Azərbaycanda işləyəcəksə və ya yatırım qoyacaqsa, onun da sığorta haqqı Kiprdəki pensiya hesabına daxil edilsin. Bu istiqamətdə işlərimiz olacaq.

- Qarabağın bərpası və iqtisadi canlanması prosesində Şimali Kipr şirkətləri və mütəxəssislərinin iştirak imkanlarını necə görürsünüz? Bu sahədə hansı perspektivlər mövcuddur?

- Mən 3 il əvvəl ilk dəfə Azərbaycana gəldim və Şuşanı ziyarət etdim. 3 il sonra yenə Şuşanın ziyarətinə getdim. Bu illər ərzində dövlətin Qarabağa etdiyi böyük yatırımları gördüm və qürur duydum.

Şuşa və Qarabağ Azərbaycanın böyük mübarizə ilə geri aldığı torpaqlardır. Bu, bizim 1974-cü ildəki Barış Hərəkatı kimi şərəfli bir mübarizədir. Mən istəyirəm ki, iş adamlarımızı Qarabağa aparaq. Çünki orada böyük işlər görüldüyünə şahid oldum. İlk dəfə getdiyimdə yol yox idi, indi var. Otellər yox idi, indi fəaliyyət göstərir. Böyük potensial göz qabağndadır. Bu gözəl təbiəti qorumaqla planlı inkişafla investisiya etmək lazımdır. İnsanlar ora köçməlidir.

Vətənimə qayıdanda bu inkişafı anladacam və ora xüsusi ziyarətlər təşkil etməyə çalışacam. Şuşanı bütün Şimali Kipr türkləri tanısın. Çünki ora Azərbaycanın qürurudur, milli mübarizəsinin zəfəridir. Bu zəfəri bütün Kipr türklərini görməsini istəyirəm.

- Cənab nazir, vaxt ayırdığınız üçün çox təşəkkür edirəm, əlavə etmək istədiyiniz fikir varsa, buyurun.

- Türk Dövlətləri Təşkilatında iştirakımızın və beynəlxalq aləmdə daha artıq diqqətə çıxmağımızın təmin olunması üçün verdiyi dəstəyə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə, həmçinin Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm.

Onların sayəsində biz bu platformalarda öz sözümüzü deyə bilirik. Bizə düşən vəzifə haqlı mübarizəmizi davam etdirmək və Rum tərəfinin bizə tətbiq etdiyi haqsız blokada və məhdudiyyətlərin aradan qaldırılmasını təmin etməkdir.


Seçilən
2
teleqraf.com

1Mənbələr