Dövlət–Özəl Sektor–QHT Platforması çərçivəsində keçirilən Forumun I panelində Gənclər və İdman Nazirliyinin nümayəndəsi, Sabunçu rayon Gənclər Evinin nümayəndəsi Kamil Yaqubov çıxış edərək gənclərlə bağlı həyata keçirilən mövcud fəaliyyətlər və 2026-cı il üçün nəzərdə tutulan planlar barədə ətraflı məlumat verib.
QHT.az xəbər verir ki, Kamil Yaqubov bildirib ki, artıq növbəti il üçün qərarlar qəbul olunub və Goranboy şəhəri Gənclər Paytaxtı seçilib, eyni zamanda Qazax şəhəri də xüsusi status alıb. Onun sözlərinə görə, 2026-cı ildən etibarən gənclər və idman sahəsi üzrə fəaliyyətlər daha çox rayonlarda təşkil olunacaq və regionlarda gənclərin aktiv iştirakı genişləndiriləcək:
"Hazırda Azərbaycan üzrə ümumilikdə 33 Gənclər Evi fəaliyyət göstərir, onlardan 7-si Bakı şəhərində yerləşir. Kamil Yaqubov həmçinin Sabunçu rayon Gənclər Evinin rəhbəri kimi fəaliyyət göstərdiyini və bütün Gənclər Evlərində işlərin vahid fəaliyyət planı əsasında həyata keçirildiyini diqqətə çatdırıb. Gənclər Evlərində fəaliyyətin əsas istiqaməti gənclərin təhsilini, peşə hazırlığını, məşğulluğa hazırlığını və təcrübə imkanlarını genişləndirməkdir. Xüsusilə vurğulanıb ki, işlə təmin olunmaq üçün təcrübənin vacibliyi nəzərə alınaraq gənclər üçün müxtəlif sahələr üzrə praktiki təlimlər təşkil olunur".
Kamil Yaqubov qeyd edib ki, fəaliyyət sahələri üzrə bölgü aparılıb və gənclər innovasiya, informasiya texnologiyaları, robotexnika, proqramlaşdırma, proqnozlaşdırma və digər müasir istiqamətlər üzrə bilik və bacarıqlar əldə edə bilirlər:
"Həmçinin gənclər üçün müxtəlif tədris proqramları, treninqlər və inkişaf yönümlü layihələr həyata keçirilir. Bundan əlavə, Gənclər Evlərində dövlət və özəl müəssisələrdə çalışan, sahəsində fərqlənən mütəxəssislərin dəvət edilməsi ilə gənclər üçün təlimlər keçirilir. Bununla yanaşı, gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə ekskursiyalar, muzey ziyarətləri, dialoq görüşləri, musiqi və rəqs istiqamətində mədəni tədbirlər təşkil olunur".
Kamil Yaqubov xüsusi olaraq vətənpərvərlik istiqamətində görülən işlərə də toxunaraq bildirib ki, şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir, şəhid ailələri ziyarət olunur və gənclərin bu tədbirlərdə fəal iştirakı təmin edilir. O, həmçinin analitik tədqiqatların aparıldığını, sorğular keçirildiyini və əldə edilən nəticələr əsasında gənclərin təkliflərinin dinlənildiyini qeyd edib:
"Gənclərin əsas istəklərindən birinin təcrübə keçmək imkanlarının artırılması olduğu vurğulanıb. Bu baxımdan Kamil Yaqubov özəl sektor və qeyri-hökumət təşkilatları ilə birgə əməkdaşlığın gücləndirilməsinin məşğulluğun təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Nazirlik tərəfindən ali və orta ixtisas, eləcə də peşə təhsili müəssisələrinin tələbələri üçün staj proqramları təmin edilib. Gənclər mübadilə proqramlarında da fəal iştirak edirlər, xaricdə təşkil olunan proqramlara qoşulurlar, eyni zamanda xaricdən gələn qonaqlar üçün Bakıya və Qarabağa səfərlər təşkil olunur".
Kamil Yaqubov vurğulayıb ki, Gənclər Evlərində keçirilən bütün fəaliyyətlər ödənişsizdir və gənclər öz ideyalarını sərbəst şəkildə reallaşdıra bilirlər.
"2026-cı il üçün əsas məqsəd fəaliyyətlərin daha da genişləndirilməsi, regionlarda əhatə dairəsinin artırılması, 14–29 yaş arası gənclərin bu prosesə daha fəal cəlb olunması və QHT-lərlə əməkdaşlığın daha da gücləndirilməsidir. Nazirlik tərəfindən artıq yeni qrant müsabiqəsi elan olunub və QHT-lər Gənclər Evlərində layihələr həyata keçirmək üçün müraciət edə bilərlər".
Kamil Yaqubov çıxışının sonunda tədbirə dəvətə görə təşəkkürünü bildirib və QHT-lərlə birgə əməkdaşlığa hər zaman açıq olduqlarını vurğulayıb.