ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik Strategiyasına etdiyi dəyişikliklər Vaşinqtonun qlobal prioritetlərini yenidən müəyyənləşdirdiyi fondda beynəlxalq müzakirələrə səbəb olub. Xüsusilə də yeni sənəddə Rusiyanın birbaşa təhdid kimi göstərilməməsi Kremlin diqqətindən yayınmayıb. Moskva bu yanaşmanı münasibətlərin normallaşdırılması üçün “siqnal” kimi dəyərləndirir və Vaşinqtonla Ukrayna istiqamətində dialoqun genişlənəcəyinə dair ümidlərini gizlətmir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun son açıqlamaları Kremlin Tramp administrasiyasına ümidli olduğunu göstərsə də, bəzi ekspertlər bunu daha çox diplomatik ton kimi qiymətləndirir.
Bəs ABŞ–Rusiya münasibətlərində yaxın perspektivdə nə gözlənilir?
Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Donald Tramp administrasiyasının yeni təhlükəsizlik yanaşması həm ABŞ-Avropa münasibətlərində gərginliyi artırıb, həm də Vaşinqton–Moskva xəttində dialoqun yenilənməsinə zəmin yaradıb:

“ABŞ-ın yeni administrasiyasının apardığı siyasət həm Rusiya ilə dialoqa, həm də Avropadan uzaqlaşmaya səbəb olur və bu, dünya siyasətində ciddi reaksiyalar doğurur. Nəzərə almaq lazımdır ki, Tramp komandasının Rusiya ilə təmasları xüsusi olaraq Ukrayna mövzusu üzərində qurulub və bu dialoq artıq bir ilə yaxındır davam edir. Moskva bu prosesdən məmnundur, çünki bu, Rusiyanın izolasiyadan çıxmasına və yenidən aktiv geosiyasi oyunçuya çevrilməsinə şərait yaradır”.
Ekspert qeyd edir ki, Trampın təqdim etdiyi Ukrayna sülh planı da Rusiyanın maraqlarına daha yaxın görünür:
“Yeni Milli Təhlükəsizlik Strategiyasında Rusiya birbaşa təhdid kimi göstərilmir, əksinə sənəddə Avropanın tənqid olunduğunu görürük. Bu isə Moskva üçün əlavə imkan açır. Ukrayna məsələsində tərəflər mövqelərin uzlaşdırılması istiqamətində intensiv işləyir. Trampın təklif etdiyi sülh planının da Rusiyanın maraqlarına daha uyğun olduğunu demək mümkündür. Məhz buna görə Rusiya Trampın siyasətindən məmnunluğunu gizlətmir və bunu Peskov açıq şəkildə ifadə edir”.
// Gülnarə Abasova, Editor.az