Hər bir insanın həyat yolu müəyyən mərhələlərdən, çətinliklərdən və seçimlərdən keçir. Bəzilərinin hekayəsi isə gənclərə həm ilham, həm də motivasiya verir. Peşəkar fəaliyyəti, həyat təcrübəsi və xarakteri ilə fərqlənən Rəhim Kərimov da belə şəxslərdəndir. Uşaqlıq xatirələri, aviasiya sahəsinə gedən maraqlı və çətin yol, keçdiyi həyat məktəbi və şəxsi baxışları ilə Rəhim müəllim gənclər üçün dəyərli nümunə sayıla bilər.
Onunla olan söhbətimizdə həm ötən illərə nəzər saldıq, həm də həyat, peşə və dəyərlərdən danışdıq.
“Uşaqlıqda tez-tez uçmağı xəyal edirdim”
– Rəhim müəllim, sizi yaxından tanımaq istərdik. Həyat yolunuzun gənclərimiz üçün örnək olduğunu düşünürük. Uşaqlığınızdan başlayaq…
- Uşaqlıqda tez-tez uçmağı xəyal edirdim. Böyük ailəmiz vardı, sovet dövründə çoxuşaqlı ailələr adi hal idi. Atam həkim idi, anam da Azərbaycan Tibb İnstitutunda oxuyurdu, lakin sonradan ailəyə daha çox vaxt ayırmaq üçün təhsilini yarımçıq qoydu.
Atam müxtəlif rayonlarda işləyib – Şamaxıda, Qusarda. Mən də Qusarda doğulmuşam. Müharibədən sonrakı illər çətin dövr idi. Bakıda "Sovetski" küçəsində yaşayırdıq. Uşaq bağçasına və məktəbə də məhz orada getmişəm.
“Telefonçu qız” filmi bizim küçədə çəkilib
- “Telefonçu qız” filminin çəkilişlərini də xatırlayıram. Həmin film bizim küçədə çəkilib.
Uşaqlığımız maraqlı idi, amma əyləncə imkanları çox deyildi. Sonra atama Yasamalda mənzil verdilər və biz ora köçdük. O günü çox gözəl xatırlayıram. Hamımızın sevinci hədsiz idi. Həmin dövrdə ərazidə çoxlu tikinti gedirdi. Hətta məktəb olmadığından altı ay bacımla birlikdə avtobusla başqa məktəbə getdik. Uşaqlığım qısa, amma zəngin xatirələrlə dolu keçib.
– Təyyarəçi olmaq çətindirmi?
- Pilot olmaq asan deyil. Peşəkar təyyarəçi kimi yetişmək üçün azı 15 il lazım gəlir. Çoxları bu yolda davam edə bilmir və hələ uçmağa başlamadan peşəni tərk edirlər. Bu da başadüşüləndir – insan ailəsini də təmin etməlidir.
Amma bütün təlim mərhələlərini keçdikdən sonra çox böyük perspektivlər açılır. Ölkəmizdə digər sahələr kimi aviasiya çox sürətlə inkişaf edir. Bu isə gənclərin karyera yüksəlişi üçün geniş imkanlar yaradır. Müasir təyyarələr və helikopterlər olduqca avtomatlaşdırılıb və bu da prosesi həm daha təhlükəsiz, həm də daha maraqlı edir.
“Təyyarəçi olmaq üçün ailəmi, dogma şəhəri tərk etməli idim”
– Bu peşəni seçmək öz arzunuz idimi?
- Bəli. Hələ 10-cu sinifdə oxuyanda pilot olmağı qərara almışdım. Məktəbi bitirdikdən sonra tibbi müayinədən keçməli, imtahan verməli və uçuş məktəbinə müraciət etməli idim. O məktəb Rusiyanın Ryazan vilayətində yerləşirdi. Anam çox narahat idi. Yad ölkədə, yad şəhərdə necə tək qalacağımı düşünürdü. Amma atam son qərarını vermişdi: “Getsın oxusun”.
Məni Ryazan şəhərinə böyük qardaşım apardı və yerləşdirdikdən sonra geri qayıtdı. O gündən yeni həyatım başladı. Təhsil həm də hərbi xidmətlə paralel idi, buna görə özümü daha müstəqil hiss etməyə başladım. Amma bu, uzun və maraqlı bir həyat hekayəsidir.
“25 yaşımda artıq rəhbər vəzifədə çalışırdım”

– Geriyə baxanda nədən razı, nədən narazı qalırsınız?
- Sovet dövründə aldığım həyat dərsi mənə çox böyük təcrübə verdi. 25 yaşımda artıq rəhbər vəzifədə işləyirdim. Mənim tabeliyimdə 30-a yaxın ekipaj var idi – yəni 100-ə qədər insan. Onlar yeddi rayonda fəaliyyət göstərirdilər. Təcrübəm az olsa da, heç nədən qorxmadım və bütün biliklərə yiyələndim.
Rayonlarda lazım olanda bizi birinci katiblər qəbul edir, problemlərimizi dinləyirdilər. Həyat çox dolu, hərəkətli idi.
Əməyim vaxtında qiymətləndirilib. Sovet dövründə "Şöhrət" ordeninə, bir sıra medal və diplomlara layiq görülmüşəm. Şükür ki, heç nədən narazı deyiləm. Həyat davam edir...
Fransızı dediyinə peşman edib
– Həyatınızda və iş prosesində yadınızda qalan ən maraqlı hadisə hansıdır?
- Hər insanın həyatında saysız-hesabsız hadisələr olur, amma bəziləri xüsusilə yadda qalır. Mənim üçün ən çətin, lakin unudulmaz hadisələrdən biri Kabil hava limanına olan uçuş idi. Təfərrüatı uzun hekayədir, amma həmin eniş mən və naviqatorum üçün çox çətin idi.
Deməli belə. Aşağı bulud örtüyünə düşdük. Enişi uğurla yerinə yetirsək də, mühərrikləri söndürüb sərnişinləri təyyarədən endirdikdən sonra ayaqlarım titrəməyə başladı, stress həddindən çox idi. O anı heç vaxt unutmuram.
Bir dəfə Fransada təlımdə olduğum vaxt baş verən başqa bir hadisəni də xatırlayıram. Fasilədə bir fransızla söhbət edirdim. Məndən ingilis dilində dərslərin necə getdiyini soruşdu, mən də çətin olduğunu dedim. O isə “sən ingiliscə bilməlisən” deyərək zarafatla mənə sataşdı.
Mən ondan hansı dilləri bildiyini soruşanda fransız və ingilis dillərini bildiyini dedi. Mən isə ona izah etdim ki, bizim ölkədə inqilabdan bu yana ərəb əlifbası, Azərbaycan dili, latın qrafikası, rus dili, kiril əlifbası və yenidən latın qrafikası, bir-bir dəyişmişik. Üstəlik hələ ingilis dili də var. Bizim üçün bir dili mükəmməl bilmək ondan qat-qat çətindir. Fransız məni dinlədikdən sonra dediklərimlə razılaşdı.
“Kapitan İqor Kşnyakini çox yaxşı tanıyırdım”
- Rəhim müəllim, “Embraer 190” təyyarəsinin qəzaya uğramasından artıq bir il ötür. Eşitdiyimizə görə, təyyarənin komandiri İqor Kşnyakin sizin tələbəniz olub?
- Bəli, düz eşitmiziniz… Ötən ilin dekabrında qəzaya uğrayan "Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus “Embraer 190” təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması hamı kimi məni də çox sarsıtdı. Qəza nəticəsində uçuş heyətinin iki üzvü - kapitan və ikinci pilot, həmçinin bələdçi və 30-dan çox sərnişin həlak oldu. Pilotların və bələdçilərin şücaəti sayəsində təyyarə qəza enişi həyata keçirib və 29 nəfərin həyatını xilas etmək mümkün olub.
“Embraer 190” təyyarəsinin heyətini tanıyırdım. Daha doğrusu, ikinci pilotu tanımasam da, atasını Zabratda işləyərkən tanımışdım. Amma kapitan İqor Kşnyakini çox yaxşı tanıyırdım. O, mənim tələbəm olub.
"İqor Kşnyakin utancaq oğlan idi"
- Yaxşı yadımdadır, dərsdən sonra Zabratdakı bölməyə gələrdi. Hündür, arıq, utancaq oğlan idi. Sonra mən ATR 42/72-də baş pilot olanda onu Yak-40-dan mənim himayəmə verdilər. Bir gün ona zəng edərək, Fransaya təlimə göndərmək istədiyimi dedim. Təlim ingilis dilində olduğu üçün çəkinirdi. Yanıma gəlib dedi ki, onun üçün çətin olacaq.
Mən onu sakitləşdirdim, söhbətləşdim, orada necə təhsil alacağımı izah etdim və ingilis dilini yaxşı bilən gənc ikinci pilotu onunla göndərəcəyimi söylədim. Bu ona kömək etdi. Kursu bitirdi, evə gəldi və dərhal mənə zəng edərək təşəkkürünü bildirdi. İqorla birlikdə çox uçmuşuq.
O, əla oğlan idi. Qəza baş verəndə günlərlə ağladım, inana bilmədim. O, son uçuşunu qəhrəmancasına başa vurdu.

– Övladlarımızı düzgün tərbiyə etmək üçün nə vacibdir?
- Məncə, uşaqları düzgün tərbiyə etmək elə də çətin deyil. Hər şey valideynlərdən asılıdır. Sovet şairlərindən biri deyirdi ki, biz uşaqları beş yaşına qədər tərbiyə edirik, beş yaşından sonra isə yenidən tərbiyə edirik. Valideynlər yaşadıqları cəmiyyətin davranışlarını, düşüncə tərzini öz övladlarına ötürürlər.
Övladların təhsilinə xüsusi diqqət yetirmək çox önəmlidir. Uşaqlarınıza pul, əmlak, sərvət verə bilərsiniz, amma onlar hardasa adamın əlindən çıxar. Bilik və təhsil isə insanı heç vaxt tərk etmir, ömürlük onunla qalır.
Oğluma düzgün tərbiyə verdiyimi düşünürəm və sevinirəm ki, yolumu davam etdirir.
"Həyatın mənası yaxşılıqdadır"
– Həyatın mənasını nədə görürsünüz?
- Mənim üçün həyatın mənası yaxşılıq etməkdir. Bu, mənim şəxsi fikrimdir. Yaxşılıq unudulmur və həm də insan yaxşılıq edəndə özünü Rahat hiss edir.
– İnsan nədən peşman olur?
- Əgər imkanın olubsa və ondan istifadə etməmisənsə, bu, peşmanlıqdır. Bir şeyi edib peşman olmaq heç etməyib peşman olmaqdan daha yaxşıdır.
– Bizi həyata bağlayan nədir?
- Məncə, bizi həyata bağlayan övladlarımızdır. Qalan hər şey zamanla öz yoluna düşür.
– Tam xoşbəxt olmaq mümkündürmü?
- Tam xoşbəxt olmaq mümkün deyil. Çünki xoşbəxtlik heç vaxt bitmir, insan daim daha çoxunu istəyir.
Səadət Hakıyeva