Bakı, 6 dekabr, Sabina Əlizadə, AZƏRTAC
Azərbaycanla Slovakiya arasında Strateji Tərəfdaşlıq Bəyannamə Avropada yeni geosiyasi düzənlərin formalaşdığı bir dövrdə xüsusi əhəmiyyət kəsb edir. Bu sənəd iki ölkə arasında enerji təhlükəsizliyi, müdafiə sənayesi və Cənub Qaz Dəhlizi üzrə əməkdaşlığı daha yüksək mərhələyə qaldırmaqla yanaşı, regional siyasi dinamikanı da gücləndirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin genişləndirilməsi və Azərbaycandan Avropaya əlavə qaz tədarükü imkanları Slovakiyanın enerji xəritəsinə yeni nəfəs gətirir: “Artıq bir ilə yaxındır ki, Slovakiya Azərbaycandan qaz alır və bununla da Azərbaycan qazı ilə təmin olunan ölkələrin sayı 14-ə çatıb. Bu fakt Azərbaycanın enerji təminatçısı kimi strateji rolunu daha da möhkəmləndirir və Avropanın enerji təhlükəsizliyində ölkəmizin xüsusi yerini təsdiqləyir.”
Ülviyyə Zülfiqar müdafiə sənayesi sahəsində əməkdaşlığın da xüsusi diqqət çəkdiyini vurğulayıb. O qeyd edib ki, hər iki ölkə rəhbərlərinin bəyanatlarında bu istiqamətdə tərəfdaşlığın geniş imkanları və perspektivləri xüsusi qeyd olunub: “Slovakiyanın NATO standartlarına uyğun müdafiə texnologiyaları və istehsal potensialı, Azərbaycanın isə hərbi modernizasiya proqramları iki ölkə arasında strateji əməkdaşlığı daha da gücləndirir”.
Siyasi şərhçinin sözlərinə görə, bu tərəfdaşlıq təkcə ikitərəfli münasibətləri gücləndirmir, həm də Mərkəzi Avropa ölkələrinin Cənubi Qafqaz siyasətində yeni xəttin formalaşmasına şərait yaradır: “Sənəd göstərir ki, Azərbaycan artıq yalnız enerji təchizatçısı deyil, modern texnologiyalar, təhlükəsizlik və infrastruktur sahələrində də etibarlı tərəfdaşdır”.
Ülviyyə Zülfiqar regional güc balansına da toxunaraq bildirib ki, Slovakiya ilə strateji əməkdaşlıq Azərbaycanın Avropa ilə əlaqələrində yeni mərhələnin başlanğıcıdır: “Rəsmi Bakı həm enerji, həm də geosiyasi müstəvidə mövqelərini gücləndirərək regionda aparıcı aktor statusunu daha da möhkəmləndirir. Bu tərəfdaşlıq Avropa–Cənubi Qafqaz əməkdaşlığına yeni dinamika gətirir”.
Siyasi şərhçi vurğulayıb ki, Prezident İlham Əliyevin gələcəyə hesablanmış balanslı siyasəti sayəsində Azərbaycan regionda sabitliyin, enerji təhlükəsizliyinin və strateji əməkdaşlığın əsas təminatçılarından birinə çevrilib və Avropanın yeni geosiyasi düzənində mühüm mövqeyə sahibdir.