Baltik ölkələri üzrə Ermənistan eparxiyasının başçısı, arxiyepiskop Vazgen Mirzaxanyan Ermənistan Kilsəsinin siyasətdən kənar qalmalı və dövlətçiliyi dəstəkləməli olduğunu bildirib.
NOCOMMENT.az -ın erməni mediasına istinadən xəbərinə görə, o qeyd edib ki, Şirak eparxiyasında baş verən insident – vəzifəli şəxslərin ziyarəti zamanı ruhani şəxslərin kilsəni tamamilə boşaltması dövlət institutlarına qarşı dözümsüzlüyün narahatedici təzahürüdür.
Mirzaxanyan vurğulayıb ki, 2020-ci il müharibəsindən sonra kilsə həyatının siyasətləşdirilməsi artıb və “Müqəddəs Mübarizə” hərəkatının təşəbbüskarları da daxil olmaqla bəzi ruhani şəxslər Kilsəni siyasi qüvvələrin alətinə çeviriblər. Bu isə ruhani şəxslərin nüfuzuna ciddi zərbə vurur, çünki məbədə inananlar ruhani xidmət gözləyirlər, siyasi münaqişələrdə iştirak yox.
Arxiyepiskop əlavə edib ki, on arxiyepiskopdan ibarət qrup Katolikosu istefaya göndərməyi tövsiyə edib ki, Kilsə xarici təsirlərdən azad olsun və ruhani missiyasına qayıtsın. O xatırladıb ki, dünya üzrə bir çox erməni kilsəsi olsa da, yalnız bir dövlət var – Ermənistan Respublikası və kilsə onun dövlətçiliyinin dayağı olmalıdır.