
Sosial şəbəkələrdə "Yeni Klinika"nın qarşısında növbə sıxlığını əks etdirən görüntülər yayılıb. Vətəndaşlar iddia edirlər ki, xəstəxananın qapıları bağlanılıb və onlar içəri buraxılmayıb.
Məsələ ilə bağlı "Yeni Klinika"dan bildirilib ki, tibb müəssisəsində tətbiq olunan sistemlərdə hər hansı texniki nasazlıq qeydə alınmayıb.
Müəssisənin açıqlamasında o da qeyd edilib ki, klinikada həkim qəbulları saat 09:00-da başlayır: "Növbə sıxlığının tənzimlənməsi məqsədilə qeydiyyat prosesi 08:00-dan etibarən həyata keçirilir. Görüntülərdə yer alan vətəndaşlar isə qeydiyyatın başlanmasını gözləmək üçün klinikanın qarşısına erkən saatlarda gələn şəxslərdir. Bütün müəssisələrdə olduğu kimi "Yeni Klinika"nın qapıları da 08:00-da açılır və vətəndaşlar növbəli şəkildə içəri buraxılır. Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım xidməti isə 7/24 rejimində fəaliyyət göstərir. Təcili hal olduğu təqdirdə vətəndaşlar birbaşa həmin şöbəyə müraciət edə bilərlər".
Açıqlamada bildirilir ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən "Yeni Klinika"da həm canlı, həm də onlayn növbə sistemi mövcuddur: "Vətəndaşlar "E-tabib" mobil tətbiqini yükləyib qeydiyyatdan keçdikdən sonra seçdikləri həkim-mütəxəssis üçün onlayn növbə (randevu) əldə edə bilərlər".