AZ

BMT Rusiyanın bu iddiasını QƏBUL ETDİ

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Donetsk və Luqansk vilayətlərində guya “soyqırım” törədilməsi ilə bağlı Rusiya tərəfindən irəli sürülmüş qarşılıqlı iddianı qəbul edib.

KONKRET.az xəbər verir ki, bu barədə məhkəmənin 5 dekabr 2025-ci il tarixli qərarında bildirilir.

Qərarda qeyd olunur ki, Rusiyanın qarşılıqlı iddiası “qəbul edilə bilən” sayılıb və tərəflərə yazılı bəyanatlarla qarşılıqlı fikir bildirmək icazəsi verilib. Plana əsasən, Ukrayna öz cavab sənədini 7 dekabr 2026-cı ilədək, Rusiya isə ona etirazını 7 dekabr 2027-ci ilədək təqdim etməlidir. Qərar məhkəmə üzvlərinin 11 lehinə və 4 əleyhinə səsilə qəbul olunub.

Rusiya iddia edir ki, Ukrayna Donetsk və Luqansk vilayətlərindəki əhaliyə qarşı “soyqırım” həyata keçirib və bu da 2022-ci ildə başlatdığı hərbi müdaxiləni əsaslandırır. Cavab olaraq Ukrayna 26 fevral 2022-ci ildə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edərək, Rusiyanın “soyqırım” anlayışını təhrif edərək hücuma bəraət qazandırdığını bildirib və məsuliyyətə cəlb olunmasını tələb edib.

Sonrakı üç il ərzində Rusiya bir neçə qarşılıqlı iddia irəli sürüb, 20-dən çox dövlət isə bu işdə iştirakla bağlı bəyanat yayıb. 18 noyabr 2024-cü ildə Rusiya öz hüquqi əsaslandırmalarını əks etdirən memorandum təqdim edib. Ukrayna bu qarşılıqlı iddiaların qəbul edilməsinə etiraz etsə də, məhkəmə onların baxılması üçün əsas olduğunu müəyyənləşdirib. Hazırda iş üzrə “soyqırım” iddialarının mahiyyəti üzrə baxılma mərhələsinə keçilməyib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
26
konkret.az

1Mənbələr