Bakı, 9 dekabr, AZƏRTAC
Şəhər nəqliyyatında süni intellektin rolu artıq danılmazdır. Dünyada müasir infrastruktur həllərinin ən böyük üstünlüyü ondan ibarətdir ki, süni intellekt hərəkət mexanizmlərini avtomatik şəkildə izləyə və təhlil edə bilir.
Bu barədə AZƏRTAC-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov məlumat verib.
Ekspertin sözlərinə görə, süni intellekt hərəkətdə olan istənilən nəqliyyat vasitəsinin trayektoriyasını görə, infrastrukturun davranış motivlərini araşdıra, nəqliyyatın rentabelliyini qiymətləndirə bilir. Onun fikrincə, bu texnologiya nəqliyyat idarəçiliyində böyük üstünlüklər yaratsa da, müəyyən mənfi tərəfləri də var.
“Asudə və davamlı nəqliyyat axınının formalaşması üçün süni intellekt sistemləri hər zaman real vəziyyətlə uyğunlaşmaya bilər. Bu zaman müəyyən risklər və komfortsuzluq yarana bilər. İnfrastrukturdakı fərqliliklər də sistemin işini çətinləşdirə bilər. Ona görə də hər kəs üçün optimal nəqliyyat mühiti qurmaq üçün süni intellektin tətbiqi düzgün planlaşdırılmalıdır”, - deyə o bildirib.
Aslan Əsədov qeyd edib ki, nəqliyyatın rentabelliyi hər bir mərhələdə təmin olunmalıdır: “Əks halda uyğunlaşdırılmamış sistemlər ümumi nəqliyyat infrastrukturuna mənfi təsir göstərə bilər”.