Yüz minlərlə azərbaycanlının pozulmuş fundamental hüquqları bərpa olunmalıdır
Azərbaycanın tarixi torpaqları sayılan Qərbi Azərbaycandan azərbaycanlıların qovulması, deportasiya olunması son 200 illik tariximizin ən ağrılı məqamlarındandır. Xalqımıza qarşı sistemli şəkildə həyata keçirilmiş bu etnik təmizləmə siyasəti XX yüzillikdə daha da intensiv şəkil alıb. Ən genişmiqyaslı deportasiya isə 1987-1988-ci illərdə reallaşıb. Ermənistan rəhbərliyinin milli ayrı-seçkilik siyasəti nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba yurdlarından zorla qovulub, onların evləri talan edilib, maddi və mənəvi irs məhv edilib. Artıq 30 ildən çoxdur ki, bu insanlar öz doğma torpaqlarına qayıdış həsrəti ilə yaşayır və ata-babalarının yaşadığı əraziləri görmək hüququndan belə məhrumdurlar. Halbuki hər bir insanın doğulduğu torpağa dönmək, orada yaşamaq, öz mülkiyyətinə sahib olmaq ən fundamental beynəlxalq hüquq prinsiplərindən biridir. Ermənistan isə bu təməl insan hüququnu pozmaqla təkcə azərbaycanlılara qarşı deyil, həm də beynəlxalq hüquq normalarına qarşı kobud şəkildə çıxış edir.
Müstəqil Azərbaycan dövləti isə bu ədalətsizliyə son qoymaq, zorla didərgin salınmış soydaşlarımızın hüquqlarını bərpa etmək üçün ardıcıl və sistemli fəaliyyətə başlayıb. 2020-ci ildə başa çatan II Qarabağ müharibəsi regionda yeni siyasi və təhlükəsizlik reallıqları yaratdı. Bu reallıq həm də Qərbi Azərbaycana qayıdış konsepsiyasının hüquqi-siyasi əsaslarını möhkəmləndirdi. Sülh gündəliyinin əsas elementlərindən biri məhz tarixi torpaqlarından deportasiya edilmiş azərbaycanlıların hüquqlarının bərpasıdır. Azərbaycan dövləti artıq bu istiqamətdə institusional baza formalaşdırıb, hüquqi mexanizmləri müəyyən edib və beynəlxalq səviyyədə bu məsələnin tanıdılması üçün ardıcıl addımlar atıb. Qərbi Azərbaycan məsələsi sırf humanitar xarakter daşımır, həm də ədalətin, insan hüquqlarının, tarixi yaddaşın bərpası kimi böyük ümummilli məna kəsb edir. Bu, təkcə keçmişin yox, həm də ölkənin gələcək sülh modelinin mühüm tərkib hissəsidir.
Qayıdış konsepsiyası: mütləq və əhatəli strategiya...
2022-ci ildə Qərbi Azərbaycan İcmasının yaradılması müasir dövr üçün strateji əhəmiyyət daşıyan qərarlardan biridir. Bu İcmanın formalaşdırılması, ilk növbədə, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqi-siyasi təmsilçiliyini təmin etməyə yönəlib. Təsis olunan İcma, qayıdışla bağlı vahid institut kimi çıxış edərək həm tarixi faktların toplanması, həm də hüquqi əsasların hazırlanması baxımından mühüm missiya daşıyır. Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. Qərbi Azərbaycanda yüzlərlə yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, kəndlərin siyahısı işlənib. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlayıb.
İcmanın qəbul etdiyi “Qayıdış Konsepsiyası” isə Qərbi Azərbaycana ədalətli və mərhələli şəkildə qayıdışın məqsədlərini, prinsiplərini və icra mexanizmlərini dəqiq şəkildə ortaya qoyur. Bu sənəd yalnız humanitar xarakter daşımır, həm də beynəlxalq hüququn fundamental müddəalarına söykənir və dövlətlərin öz vətəndaşlarının hüquqlarına təminat verməsi prinsipini əsas tutur.
Konsepsiyada göstərilir ki, qayıdış prosesi mütləq dinc, hüquqi və beynəlxalq mexanizmlər çərçivəsində həyata keçirilməlidir. Bu baxımdan, konsepsiya həm dövlət qurumları, həm də müvafiq beynəlxalq strukturlar üçün yol xəritəsi rolunu oynayır. Sənəddə Qərbi Azərbaycanda yaşayan azərbaycanlılara qarşı həyata keçirilmiş deportasiyalar, onların mülkiyyət hüquqlarının pozulması, mədəni irsinin dağıdılması faktları ayrıca vurğulanır və bu faktlar beynəlxalq hüquq müstəvisində tanıdılmaq üçün sənədləşdirilir. Qərbi Azərbaycan Konsepsiyası əslində uzun illərdir pozulan ədalətin bərpası üçün qəbul edilmiş mütləq və əhatəli strategiyadır. Hələ 2022-ci ilin dekabrında Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olan və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşən zaman bildirmişdi ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik: “Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır”.
Əsas prioritet: təşkilatlanma, əlaqələrin gücləndirilməsi, məlumatların araşdırılması
Qeyd edək ki, İcmanın ötən 3 ildə apardığı əsas fəaliyyət istiqamətlərindən biri təşkilatlanma məsələsidir - bu prioritet istiqamət uğurla inkişaf etdirilib. İcma qısa müddətdə həm ölkə daxilində, həm də xaricdə geniş əlaqələr qurmağı bacarıb. Əsas məqsəd Qərbi Azərbaycandan deportasiya olunmuş insanların məlumat bazasının yaradılması, onların yaşadıqları kəndlər, mülkiyyətləri, sosial vəziyyətləri, irsi haqqında faktların dəqiq toplanmasıdır. Bu, gələcəkdə qayıdış prosesinin hüquqi və praktiki tərəflərinin hazırlanmasına mühüm zəmin yaradır. İcma bu gün kənd-kənd, icma-icma insanlar arasında əlaqə yaradır, onların hüquqları ilə bağlı məlumatlandırma aparır, tarixi yaddaşın toplanması üçün böyük layihələr həyata keçirir.
Təşkilatlanmış fəaliyyət həm də icmanın beynəlxalq əlaqələrini genişləndirməyi, müxtəlif ölkələrdə yaşayan qərbi azərbaycanlılarla iş aparmağı mümkün edib. Bu proses deportasiya faktlarının təsdiqlənməsi, etnik təmizləmənin sübutlarla sənədləşdirilməsi baxımından vacibdir. İcmanın gördüyü işlər onu göstərir ki, qayıdış prosesi təsadüfi və emosional yanaşmaya deyil, dövlət tərəfindən koordinasiya olunan planlı fəaliyyətə əsaslanır. Qərbi Azərbaycan İcması artıq cəmiyyət daxilində vahid mövqenin formalaşdırılmasına nail olub və bu məsələ ümumxalq gündəminə çevrilib. İcmanın fəaliyyəti həm də deportasiya olunmuş insanların bir araya toplanması, onların sosial və hüquqi ehtiyaclarının araşdırılması, gələcək qayıdış mexanizmləri üçün zəruri məlumatların toplanması baxımından əvəzolunmaz rol oynayır.
Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq müstəvidə...
Qərbi Azərbaycana qaydış prioritetləri həm də beynəlxalq aləmə təqdim olunmalıdır. Vurğulanmalıdır ki, son illərdə qayıdış məsələsinin beynəlxalq səviyyəyə qaldırılması aparıcı missiyalardan birinə çevrilib. Qərbi Azərbaycan İcmasının qəbul etdiyi sənədlərin BMT sistemində yayılması və beynəlxalq hüquqi sənəd statusu alması bu istiqamətdə ciddi dönüş yaradıb. Bu sənədlərdə deportasiya faktları, insan hüquqlarının pozulması, etnik təmizləmə siyasəti ən yüksək tribunalarda diqqətə çatdırılır. Bu, təkcə tarixi həqiqətlərin təsdiqi deyil, həm də qayıdış hüququnun beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm addımdır. Dünya ictimaiyyəti artıq görür ki, yüz minlərlə azərbaycanlının ən fundamental hüququ pozulub və bu, hüquqi-siyasi yollarla bərpa edilməlidir.
Beynəlxalq təşkilatlarda aparılan işlər həm də Ermənistanın uzun illər boyu yaratdığı saxta görüntüləri ifşa etməyə imkan verib. Azərbaycan tərəfi sübutlarla göstərir ki, deportasiya faktı realdır, azərbaycanlılar zorla öz torpaqlarından qovulub, onların mülkiyyəti yağmalanıb - bu cinayətlərə görə Ermənistan beynəlxalq hüquqi məsuliyyət daşıyır. İcmanın fəaliyyəti, beynəlxalq tədbirlərdə iştirakı, diplomatik dairələrdə təqdim olunan məlumatlar artıq qayıdış məsələsini regional problem olmaqdan çıxarıb, universal insan hüquqları məsələsinə çevirib. Bu, beynəlxalq hüquq müstəvisində yeni presedent yaradır - bir xalqın tarixi torpaqlarına sülh yolu ilə qayıdış hüququ təsdiq olunur. Bütün bunlar Azərbaycanın diplomatik səylərinin, siyasi iradəsinin və institusional fəaliyyətinin real nəticəsidir.
Yeni mərhələ: qayıdış sülhün möhkəmlənməsi üçün real zəmindir
Regionda yaranan yeni geosiyasi reallıqlar, xüsusilə sülh prosesinin inkişafı qayıdış prioritetlərini praktiki müzakirə mərhələsinə çıxarıb. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində aparılan sülh danışıqları bütün digər detallarla yanaşı həm də deportasiya olunmuş azərbaycanlıların hüquqlarının bərpa edilməsinə yönəlməlidir. Sülh prosesinin dayanıqlı olması üçün bu məsələ fundamental şərtlərdən biridir. Çünki sülh beynəlxalq hüquqla ziddiyyət təşkil edən faktların aradan qaldırılmasını tələb edir. Bu baxımdan Qərbi azərbaycanlıların qayıdışı sülh modelinin ayrılmaz və təxirəsalınmaz tərkib hissəsidir. Prezident İlham Əliyev “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına müraciətində də bildirib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın bir araya gəlməsi, Birgə Bəyannamənin imzalanması və sülh sazişi layihəsinin paraflanması hər iki xalqın gələcək birgəyaşayışının təmin olunması üçün ümid və inam yaradır: “İnanırıq ki, Qərbi Azərbaycan İcmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq və xalqlarımız arasında mehriban qonşuluq münasibətləri yaranacaqdır”.
Qayıdışın həyata keçirilməsi üçün həm hüquqi, həm də təhlükəsizlik mexanizmləri hazırlanmalıdır. İnsanların öz torpaqlarına təhlükəsiz şəkildə qayıtması, mülkiyyətlərinin bərpası, normal həyat şəraitinin təmin olunması Ermənistanın da üzərinə öhdəliklər qoyur. Azərbaycan dövləti artıq konseptual çərçivəni müəyyən edib və qayıdış prosesi davam edən sülh gündəliyinin əsas detalına çevrilib. Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması yalnız tarixi ədalətin bərpası deyil, həm də regionda sülhün və sabitliyin təmin edilməsi üçün əsas şərtdir. Bu, regionun yeni təhlükəsizlik arxitekturasını formalaşdıracaq və Ermənistan üçün də uzunmüddətli inkişaf imkanları yaradacaq. Buna görə də qayıdış prosesi sadəcə humanitar məsələ deyil, həm də geniş regional sülh modelinin elementidir.
Regionda sülhün və sabitliyin gecikməsinin isə bir səbəbi var - Ermənistanın uzun illərdir revanşist ritorika, nifrət siyasəti və etnik ayrı-seçkilik mövqeyindən əl çəkməməsi. Lakin yeni geosiyasi reallıqlar göstərir ki, Ermənistan həm beynəlxalq hüquq, həm də sülh prinsipləri çərçivəsində davranmalı, azərbaycanlıların qayıdış hüququnu tanımalı və bu hüququn təmin olunması üçün real addımlar atmalıdır. Qayıdışın reallaşması sülh sazişi ideyasını məna etibarı ilə daha da möhkəmləndirir - çünki sülh yalnız ədalət bərpa edildikdə möhkəm ola bilər.
Pərviz SADAYOĞLU