AZ

“Ölkədə yaxın illərdə reqata və məşqlər üçün bir neçə yeni məkan yarana bilər” - Fərhad Əliyevin İDMAN.BİZ-Ə MÜSAHİBƏSİ

Son illər Azərbaycanın Avarçəkmə Federasiyası fəaliyyəti ilə seçilir. Ölkədə Prezident Kuboku və Mingəçevir reqatası mütəmadi olaraq təşkil olunur, idmançılar beynəlxalq arenada uğurlar qazanır.

Bu idman növünün inkişaf tendensiyaları, yeni su hövzələrinin istifadəsi ilə bağlı planlar barədə İdman.Biz Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyevlə danışıb.

- Son illərdə Azərbaycanda avarçəkmənin inkişafında yüksəliş müşahidə olunur. Federasiya hazırkı vəziyyətdən nə dərəcədə razıdır və əsas diqqət nəyə yönəlib?

- Ölkədə avarçəkmənin inkişafı bizim üçün strateji prioritetlərdən biridir. Həyata keçirdiyimiz işlərin, nəticələrin gözə çarpması bizi sevindirir. Federasiya olaraq həm göstəricilərdən, həm də prosesin özündən razıyıq. Gənclər arasında artan maraq, Bakıda akademik avarçəkmə məşqlərinin bərpası, eləcə də beynəlxalq yarışlarda sabit çıxışlar ümumi inkişafın göstəriciləridir. Hazırda əsas diqqət uşaqların və yeniyetmələrin bu idman növünə cəlb edilməsinə, onların arasından güclü idmançıların yetişdirilməsinə və keyfiyyətli milli komandanın formalaşdırılmasına yönəlib.

- Avarçəkmə MDB Oyunlarının proqramına daxil idi və Azərbaycan idmançıları dörd medal qazandılar. Nəticələr sizi qane etdi?

- MDB Oyunlarında qazanılan dörd medalı ümumi inkişaf baxımından yüksək qiymətləndirmək olar. Bu nəticə yeni nəsil idmançıların formalaşma potensialını əks etdirir. Burada həm təcrübəli avarçəkənlərin sabitliyini, həm də gənclərin artan inkişafını görürük.

- Avropanın və beynəlxalq kanoe assosiasiyalarının rəhbərləri dəfələrlə Azərbaycana səfər ediblər. Yaxın gələcəkdə hansı birgə layihələrin həyata keçirilməsi planlaşdırılır?

- Artıq bir neçə istiqamət üzrə müzakirələr aparmışıq. Bunlara Bakıda və Mingəçevirdə məşqçilər üçün beynəlxalq sertifikatlaşdırma kurslarının təşkili, hakim hazırlığı proqramlarının genişləndirilməsi, gənclər üçün birgə yay məktəbləri və tədris xarakterli çempionatlar, avarçəkmənin təbliği məqsədilə sosial layihələr, həmçinin Azərbaycanda reytinq xarakterli dünya və Avropa reqatalarının keçirilməsi perspektivləri daxildir. Bu əməkdaşlıq təkcə yarışların səviyyəsini deyil, həm də hazırlıq strukturu və məşq prosesini gücləndirəcək.

- Ölkədə avarçəkmə akvatoriyası genişlənməkdədir. Prezident Kubokunda reqata mərhələləri təkcə Suqovuşanda və Mingəçevirdə deyil, Füzulidə də keçirildi. Yeni məkanların axtarışı davam edirmi?

- Azərbaycanın coğrafiyası avarçəkmə üçün çox əlverişlidir və biz bu potensialdan maksimum istifadə etməyə çalışırıq. Suqovuşan, Mingəçevir və Füzuli kimi bölgələrimizin yarış təqviminə salınması regionlarda idman həyatını canlandırır və yerli gənclərin avarçəkməyə marağını artırır. Hazırda Qarabağda və digər bölgələrdə yeni su hövzələrinin texniki qiymətləndirilməsi aparılır. Yaxın illərdə reqata və məşqlər üçün bir neçə yeni məkanın yaranması mümkündür.

- Bakı akvatoriyasının mənimsənilməsi hansı mərhələdədir?

- Paytaxtda avarçəkməyə böyük maraq olduğuna görə bu sahə bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu idman növü ilə peşəkar şəkildə məşğul olan yeniyetmə və gənclərin sayı ilbəil artır, həvəskarların da sayı çoxalır. Federasiya binasının yanında fəaliyyət göstərən Bakı Avarçəkmə və Kanoe Klubu gündəlik olaraq peşəkar məşqçilərin rəhbərliyi ilə məşqlər keçirir.

- Beynəlxalq arenada idmançılarımızın çıxışı ilə bağlı, mövsümün hansı məqamlarını gələcək perspektivlər baxımından qeyd edə bilərsiniz?

- Prezident Kuboku–2025, eləcə də Vyana və Bratislava reqatalarında qazanılan medalları yüksək qiymətləndiririk. Hər üç turnir avarçəkmə idmanı üçün böyük əhəmiyyət daşıyır. Bundan əlavə, Tatyana Smilovenkonun Avropa çempionatında qazandığı bürünc medal bu ilin ən böyük nailiyyətlərindən biridir.

- 2028 Olimpiadasına seçmə mərhələ yaxınlaşır. Proqrama sahil avarçəkməsinin daxil edildiyini nəzərə alsaq, Yay Oyunlarına hazırlıq planlarınız necədir?

- Olimpiadada ölkəni təmsil etmək hər bir federasiyanın və idmançının arzusudur. Avarçəkənlərimiz qarşıdakı reytinq yarışlarına çox ciddi hazırlaşırlar. Biz inanırıq ki, Los-Ancelesdə Azərbaycan avarçəkmə idman növündə də təmsil olunacaq.

Zəki Feyzullayev

İdman.Biz

Seçilən
11
1
idman.biz

2Mənbələr