Bakı, 9 dekabr, AZƏRTAC
Süni intellektin (Sİ) dəyəri onun antropoloji səciyyəsində, subyektə məxsus təqribi zəka imkanlarına söykənməsində, düşünmə, müzakirə aparma, problem həll etmə kimi insanın idrak funksiyalarını imitasiya edə bilməsindədir.
AZƏRTAC xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanov “Süni intellekt və patentlər” mövzusunda beynəlxalq konfransda söyləyib. O, həmçinin qeyd edib ki, süni intellekt qavrama (o cümlədən emosional qavrama) və şüurla bağlı suallara yaxın gələcəkdə cavab verə bilməyəcək. Çünki süni intellektin məntiqi nəticə çıxarılma qaydaları və onlara uyğun məntiq hələlik buna imkan vermir.
Professor Kamran İmanov diqqətə çatdırıb ki, digər problem generativ süni intellekt tərəfindən təqdim olunan ərizələrin (sifariş iddialarının) birbaşa süni intellekt adından qeydiyyata alınmasının mümkün olub-olmaması məsələsidir: “Bu, prinsipcə, “bəli” mümkün ola bilər. Burada dərhal başqa bir sual yaranır: hüquq sahibi “kim” və ya “nə” olacaq və niyə “elektron şəxslər” “hüquqi şəxslər” analogiyası ilə hüquq sahibi qismində tanınmasın? Hüquqi və fiziki şəxslərin hüquqlarındakı oxşarlıqlara və fərqlərə baxdıqda görürük ki, hüquqi şəxslər müəllif (ixtiraçı) ola bilməz və fiziki şəxslər kimi şəxsi qeyri-əmlak hüquqlarına malik deyillər. Fərq bundadır. Oxşarlıq isə ondan ibarətdir ki, hüquqi şəxslər hüquq sahibi ola bilər və müstəsna hüquqlara sahiblik edə bilərlər”.
Agentliyin rəhbəri bildirib ki, bu ziddiyyət beynəlxalq xüsusi hüququn bir çox məsələlərinə toxunur.
“Tutaq ki, avtomobil və ya qatarı Sİ idarə edir və qəza yaranır. Bu zaman soruşulan, cavabdeh və məsuliyyət daşıyan hüquq sahibidir.
Potensial cəhətdən bu sıraya elektron şəxs (yəni Sİ), Sİ yaradıcıları, Sİ-in mülkiyyət sahibləri, Sİ-in istifadəçiləri daxildir. Sİ hüquq sahibi ola bilməz, çünki beynəlxalq xüsusi hüquq dəyişilməlidir. Sİ-in sanksiya tətbiq edilə bilən mülkiyyəti olmamalıdır.
Qalan üç kateqoriyadan hər biri üstünlük əldə etmək naminə hüquq sahibi olmağa iddialıdır. Lakin məsuliyyət, cəzalandırma olduğu halda hər üçündən biri hüquq sahibliyindən imtina edir”, - deyə professor Kamran İmanov bildirib.