AZ

Gürcüstan partiyasının bəyanatı: Rusiya ərazilərimizi buna görə işğal etdi

BAKI, 9 dekabr. TELEQRAF

Ağ Ev tərəfindən dərc edilən ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyası tamamilə yeni siyasi reallıq yaradır.

Teleqraf xəbər verir ki, bu barədə “Neytral Gürcüstan” Partiyasının bəyanatında bildirilib.

“Təəssüf ki, Gürcüstanın qanunvericilik səviyyəsində təsbit olunmuş təhlükəsizlik strategiyası yoxdur, bizdə yalnız Avro-Atlantik strukturlara inteqrasiya ilə bağlı xaricdən tətbiq edilmiş Konstitusiya müddəası var ki, bu da Gürcüstanın üzləşdiyi çağırışlar və ya yeni dünya reallığına cavab verə bilmir”, - partiya qeyd edib.

Bəyanatda Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalına diqqət çəkilərək, ABŞ-nin NATO daxilində apardığı genişlənmə siyasəti tənqid edilib:

“İndiyədək mövcud olan strategiyaya əsasən, ABŞ NATO-ya əsas töhfə verən və real idarəedici dövlət olaraq, genişlənmə siyasəti həyata keçirib. Bu siyasətin bir hissəsi 2008-ci ilin Buxarest sammitində Ukrayna və Gürcüstanın gələcəkdə NATO-ya üzvlüyü ilə bağlı qəbul edilmiş qərar idi. Bunun nəticəsində Gürcüstan müharibəyə cəlb olundu, sülhsevər vətəndaşlar həlak oldu, qəhrəman əsgərlər şəhid oldu, on minlərlə insan qaçqın vəziyyətinə düşdü və ərazilər işğal edildi. Ukraynada da müharibəyə yol açan səbəb NATO-nun Şərqə doğru genişlənmə siyasətidir”.

Partiya hesab edir ki, Ukraynada müharibənin dayandırılması və yeni dünya nizamının formalaşması prosesində Gürcüstanın milli maraqları aydın şəkildə ifadə edən əhatəli Milli Təhlükəsizlik Strategiyası olmalıdır: “Bir çox başqa hallarla yanaşı, qlobal siyasəti əhəmiyyətli dərəcədə dəyişən ABŞ-nin təqdim etdiyi baxış adekvat şəkildə anlaşılmalıdır. İlk növbədə, yeni reallıqla üzləşməli, ölkəni avrointeqrasiya illüziyasından çıxarmalı və neytral status əldə etməyə çalışmalıyıq”.

Seçilən
18
teleqraf.com

1Mənbələr