Əl-Faşirdəki hücumlardan sağ qalanlar, Sudanın Şimali Darfur əyalətinin inzibati mərkəzi olan əl-Faşirin ötən oktyabr ayında BƏƏ tərəfindən dəstəklənən Çevik Dəstək Qüvvələrinin (ÇDQ) əlinə keçməsindən bəri yaşadıqları və ya şahidi olduqları dəhşətli zorakılıqları təsvir ediblər.
Hafta.az-ın yazdığına görə, əl-Faşirdən yeddi ailə üzvü ilə qaçan, lakin başlarına gələnlərdən xəbərsiz olan Əhməd Cibril deyib: "Həmin gecə ayaqyalın və pijamamızda yola düşdük və yol boyu ÇDQ üzvlərinin şiddətli atəşinə məruz qaldıq... Çoxları öldürüldü və yaralandı. Əl-Faşirdən təxminən 60 kilometr aralıda yerləşən əl-Təvilah Qaçqın Düşərgəsinə gedərkən onlarla insanın aclıq və susuzluqdan, bir çoxlarının isə ağır yaralanaraq öldüyünün şahidi olduq”.
“Asharq Al-Awsat”la telefonla danışan sağ qalanlar ÇDQ-nin yüzlərlə ailəni saxlama mərkəzlərində və sığınacaqlarda zorla saxlamağa davam etdiyini, bir çoxunun aclıqdan öldüyünü və ya güllələndiyini bildiriblər. Sağ qalanlardan biri deyib: “Biz kişi və qadınların ağaclardan asılmış cəsədlərini gördük, amma heç kim onlara yaxınlaşa bilmədi”.
Əl-Faşirin ÇDQ tərəfindən ələ keçirilməsindən bir neçə gün sonra şəhəri tərk edən vəkil Adam İdris deyib: “Çevik Dəstyək Qüvvələri bizi məscidlərə getməyə məcbur etdi, orada bizi lentə aldılar və sonra hər şeyin normal getdiyini göstərən videolar yayımladılar, halbuki əslində silahsız vətəndaşları saxlayaraq onların azad edilməsi müqabilində külli miqdarda pul tələb edirdilər”.
İki uşaq anası deyib: “Onlar qadınları sıraya düzdülər, silahlarını bizə tuşladılar və sonra paltarlarımızı pul və qızıl üçün axtardılar. Çevik Dəstək Qüvvələri tərəfindən cinsi zorakılığa və qeyri-insani rəftara məruz qaldıq. Bizə irqçi təhqirlər yağdırdılar”.
Xatırladaq ki, 2023-cü ilin aprel ayının ortalarında Sudanda bütün qüvvələri vahid ordu altında birləşdirmək səyləri zamanı ordu ilə ÇDQ arasında mübahisə silahlı qarşıdurmaya çevrilib.