Beyləqan, 9 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Beyləqanda indiyədək tarlalardan 36 min 616,24 ton “ağ qızıl” toplanıb. Rayon üzrə hər hektarın məhsuldarlığı 41 sentner təşkil edir. Bu göstəricilərlə Beyləqan respublikanın pambıqçılıq rayonları arasında birinci yerdədir.
Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə bu il pambıq əkinlərinin 4326,3 hektarı “Prime cotton” MMC, 2880,38 hektarı “Azərpambıq” MMC, 800 hektarı “P-Aqro” MMC, 639 hektarı innovasiya təsərrüfatında, 285 hektarı isə “Kürdəmir – Pambıq” ASC ilə müqavilə əsasında becərilib.
Beyləqanlı "ağ qızıl” ustaları gərgin zəhmət hesabına yetişdirilmiş məhsulun toplanışını nümunəvi təşkil edirlər. Rayon üzrə ən yüksək məhsuldarlıq “P-Aqro” MMC-nin əkin sahələrində qeydə alınıb. Belə ki, sahələrdən 3907,54 ton pambıq toplanıb. Hər hektarın məhsuldarlığı 48,84 sentnerdir.
Hazırda rayonda pambıq yığımı yekun mərhələyə qədəm qoyub. Beyləqan pambıqçıları yetişdirdikləri məhsulu son qozasına qədər toplamaq, 2025-ci ili uğurla başa vurmaq üçün çalışırlar.