AZ

Heç bir vasitə bu virusa yoluxmasının qarşısını tam ala bilməz Pediatr

Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Son günlərdə uşaqlarda boğaz ağrısı və qızdırma ilə müşahidə olunan xəstəliklərin artması normal haldır. Bu, hər il havaların soyuması ilə əlaqədar olaraq gördüyümüz tendensiyadır. Havaların kəskin soyuması nəticəsində kəskin respirator virus infeksiyaları aktivləşir və müxtəlif amillər səbəbilə yoluxma sayında artım müşahidə olunur.

Bu fikirləri pediatr Şəlalə Poluxova Bakıvaxtı.az-a uşaqlar arasında yayılan virusdan danışarkən bildirib.

Şəlalə Poluxova:  Özbaşına antibiotik istifadəsi qətiyyən yol verilməzdir

Pediatrın sözlərinə görə, xüsusilə dekabr ayından fevral, hətta mart-aprel aylarına qədər virus infeksiyaları daha geniş yayılır. Bu xəstəliklər təkcə uşaqlarda deyil, böyüklərdə də müşahidə olunur. Mövsüm dəyişikliyi və qış aylarında insanların daha çox qapalı məkanlarda vaxt keçirməsi virusların yayılmasını sürətləndirir. Uşaqların olduğu bağça və məktəblər də qapalı məkan hesab olunduğundan, burada yoluxma halları daha tez artır:

"Mövsüm dəyişikliyi dövrlərində immun sistem də nisbətən zəifləyir. Virus infeksiyalarının özü də immuniteti zəiflədən faktorlardan biridir. Bu səbəbdən payız-qış aylarında orqanizmin viruslara həssaslığı artır və xəstəliklər çoxalır".

Bəs uşaqları bu xəstəliklərdən necə qoruyaq?

"Təəssüf ki, spesifik bir virusdan tam qoruyan dərman və ya üsul yoxdur. Yəni “bu dərmanı iç və xəstələnmə” kimi bir yanaşma doğru deyil. Heç bir vasitə virusların yoluxmasının qarşısını tam ala bilməz. Lakin ümumi gigiyena qaydalarına əməl etməklə və immuniteti gücləndirməklə yoluxma riskini azaltmaq mümkündür".

Həkim qorunma tədbirlərindən söz açıb:

"Əllərin tez-tez yuyulması ən sadə, lakin ən təsirli qaydalardan biridir. Xəstə uşaqlarla təmasdan qaçınmaq, uşaqların eyni fincandan, eyni qabdan istifadə etməməsinə diqqət yetirilməlidir. Qapalı məkanlar gündə 3-4 dəfə, ən azı 10 dəqiqə havalandırılmalıdır. Vitamin və minerallarla zəngin qidaların verilməsi vacibdir. Mövsümə uyğun təbii meyvə və tərəvəzlər, həmçinin balıq, yumurta, qoz kimi faydalı məhsullar üstünlük təşkil etməlidir. Həmçinin yuxu azlığı immuniteti zəiflədir".

Pediatr qeyd edib ki, sağlam uşaqlar üçün mütəmadi həkim müayinəsi bu aralıqlarda olmalıdır: 0-6 ay: ayda 1 dəfə, 6-12 ay: 2–3 ayda 1 dəfə, 1 yaşdan yuxarı: 3-4 ayda 1 dəfə, böyük uşaqlar: 6 ayda 1 dəfə.

Sonda o bildirib ki, uşaqlar üçün özbaşına antibiotik istifadəsi qətiyyən yol verilməzdir. Virus infeksiyalarında antibiotik təsir etmir və əksinə, bağırsaq mikroflorasını və immuniteti zəiflədir.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
112
1
bakivaxti.az

2Mənbələr