AZ

Maşını park etmək üstündə həmkarının burnunu sındıran sürücüyə cəza verildi

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən İsgəndər Yusifovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
 

İlkin istintaq materiallarına görə, hadisə 01 mart 2025-ci il tarixdə, saat 20:50 radələrində paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.


Belə ki, İsgəndər Yusifov idarə etdiyi avtomobili qeyd olunan ərazidə park edib. Həmin vaxt avtomobilə yaxınlaşan zərərçəkmiş İxtiyar Quliyev (adı, soyadı şərtidir) dayanacaq yerinin ona aid olduğunu bildirərək, maşının orada saxlanılmasına irad edib. Bu səbəbdən tərəflər arasında sözlü mübahisə yaranıb.


İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan qaydalarını kobud şəkildə pozmaqla cəmiyyətə qarşı açıq laqeydlik göstərib. Daha sonra İsgəndər zərərçəkmiş İxtiyara zor tətbiq edərək, xuliqanlıq niyyəti ilə onun sifət nahiyəsinə yumruq zərbələri endirib. Nəticədə zərərçəkmiş şəxs burun sümüyünün orta 1/3 hissəsinin yerdəyişmiş sınığı, xarici burun formasının pozulması, tənəffüsün ikitərəfli pozulması ilə müşayiət olunan şişkinlik və hematomalar, sağ alt göz qapağı və gözaltı-almacıq nahiyəsində qançırlar alıb.


Hadisədən sonra İsgəndər Yusifov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
 

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə ona 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) təyin edilib.

Kamal Məmmədov 

Tarix: 9 Dekabr 2025, 09:44   
Seçilən
83
pravda.az

1Mənbələr