Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Qulu Səmədovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Şəmkir Rayon Məhkəməsinin hökmü cəzaya aid hissədə dəyişdirilib. Təqsirləndirilən şəxsə 1 il 8 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Qulu Səmədovun barəsində başqa iş üzrə həbs qətimkan tədbiri seçilməsi və hazırda həbsdə saxlanılması nəzərə alınıb.
İbtidai araşdırma materiallarına görə, hadisə 10 iyun 2024-cü il tarixdə, saat 17 radələrində Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində yerləşən qəbiristanlığın yaxınlığında baş verib.
Belə ki, Qulu Səmədov tanışı ilə birlikdə qəbiristanlıqdan ziyarətdən qayıdarkən həmin vaxt ərazidə olan zərərçəkmiş Sabir İmanov (adı, soyadı şərtidir) və onun dostu arasında sözlü mübahisə etdiyini görüb. Bu zaman təqsirləndirilən şəxs onların yanına yaxınlaşıb. Zərərçəkmiş şəxsin yeddi il əvvəl tanışı barəsində nalayiq ifadələr işlətməsi ilə bağlı mübahisəni davam etdirdiyini görən Qulu mübahisənin ona aidiyyəti olmamasına baxmayaraq, məsələni tam araşdırmadan, heç bir əsaslı səbəb olmadan və qəsdən xuliqanlıq niyyəti ilə fiziki zorakılığa əl atıb.
Təqsirləndirilən şəxs bu məqsədlə Sabirə bir neçə dəfə yumruq zərbələri endirərək onun sifət nahiyəsinə qəsdən zərər vurub. Nəticədə, zərərçəkmiş şəxsdə alın nahiyəsinin sol hissəsində dərialtı hematoma ilə müşayiət olunan, frontal sinusun ön divarının yerini dəyişmiş sınığı qeydə alınıb.
Hadisədən sonra Qulu Səmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Şəmkir Rayon Məhkəməsinin hökmü ilə o, 1 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda barəsində olan başqa iş üzrə həbsdə saxlanılmasının nəzərə alınması qərara alınmışdı.
Kamal Məmmədov