Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi Azərbaycan elmi, mədəniyyəti və dövlətçilik tarixində mühüm hadisədir. Tədbirdə Prezident İlham Əliyevin çıxışı isə yalnız elmin inkişaf perspektivlərinin deyil, həm də milli-mənəvi dəyərlərimizin, xüsusən Azərbaycan dilinin qorunması və gələcək nəsillərə saf şəkildə çatdırılması məsələsinin əhəmiyyətini bir daha gündəmə gətirdi. Prezident dil mövzusuna xüsusi diqqət ayıraraq ana dilinin yalnız ünsiyyət vasitəsi deyil, milli kimliyin vacib daşıyıcısı olduğunu vurğuladı.
Prezident İlham Əliyev çıxışında Azərbaycan dilini “çox zəngin dil” kimi xarakterizə edərək bu dilin 50 milyondan artıq insan tərəfindən ana dili kimi istifadə olunduğunu diqqət mərkəzinə gətirdi. Ancaq bu zənginliyin qorunmasının əsas şərti dilin təmizliyi, saflığı və ədəbi normalarının qorunmasını da məxsusi olaraq nəzər diqqətə çatdırdı. Dövlət başçısının narahatlığı xüsusilə əhəmiyyətli idi ki, bəzi bölgələrdə və xaricdə yaşayan soydaşlarımız arasında Azərbaycan dili “məişət dili” səviyyəsində istifadı olunur, ana dilimizin zənginliyi və ifadə imkanları gözardı edililir. Bu mənada dilin “xarici sözlərlə yüklənməsi” tendensiyası ictimai şüurda ciddi diqqət tələb edir.
Bu diqqətə çatdırılan məsələlər, əslində, dilin yalnız kommunikasiya vasitəsi olmadığını, onun həm də mədəni yaddaş, düşüncə tərzi və tarixi kimlik daşıyıcısı kimi qəbul edildiyini göstərir. Dil korlananda kimlik də sarsılır – Cənab Prezidentin mesajının mənası budur. Dövlət başçısı həmçinin çıxışında dilin qorunmasının yalnız dövlətin işi olmadığını, bu prosesdə alimlərin, şair və yazıçıların, jurnalistlərin, elm və mədəniyyət xadimlərinin, maarifçilərin üzərinə böyük məsuliyyət düşdüyünü də qeyd etdi. O bildirdi ki, Azərbaycan dilində əgər milli kəlmə mövcuddursa, onun yerinə başqa dildən söz işlətmək ya səhvdir, ya da təxribatdır. Hər iki hal yolverilməzdir.
Bu fikirlər Azərbaycanda dil siyasətinin istiqamətlərini müəyyənləşdirir:
Dilin saflığının qorunması – ədəbi dil qaydalarına ciddi riayət;
Kütləvi informasiya vasitələrinin məsuliyyəti – efirdə və mətndə dil mədəniyyəti;
Elm və təhsil sisteminin rolu – məktəblilər və gənclər arasında ana dilinə sevgi və ehtiramın artırılması;
Qloballaşma şəraitində dil müdafiəsi – xarici təsirlərdən qoruma, amma inkişafdan geri qalmamaq və s.
Bu çağırışlar təkcə dil mütəxəssislərinə deyil, ümumilikdə cəmiyyətə yönəlmiş strateji mesajdır. Prezidentin çıxışından sonra ölkənin aparıcı elm və media qurumlarında yayımlanan şərhlərdə dilin milli təhlükəsizlik amili kimi qiymətləndirilməsi diqqət çəkir. Bir çox mütəxəssis bu çıxışı “mədəniyyət strategiyasının yeni mərhələsi”, “ana dilinə sayğının dövlət tərəfindən ən yüksək səviyyədə təsdiqi” kimi dəyərləndirib. Bu yanaşma Azərbaycan dilinin yalnız ünsiyyət vasitəsi yox, həm də milli suverenliyin mənəvi sərhədi olduğunu ifadə edir. Bu çərçivədə dilin dövlət qurumlarında, təhsil müəssisələrində, mətbuatda və ictimai məkanlarda düzgün istifadəsi həm norma, həm də vətəndaşlıq məsuliyyəti kimi qiymətləndirilir.
AMEA-nın yubileyi çərçivəsində dil məsələsinin qabardılması təsadüfi deyil. Akademiya Azərbaycan dilinin tədqiqi, tarixi lüğətçilik, dialektologiya, ədəbi dil normalarının sistemləşdirilməsi, müasir dil proseslərinin analizi kimi sahələrdə strateji fəaliyyət göstərən qurumdur. Cənab Prezident nitqində elmin bu istiqamətlərdə daha fəal olmasının vacibliyini vurğuladı. Bu, AMEA üçün həm məsuliyyət, həm də yeni inkişaf mərhələsi deməkdir.
Son olaraq bir daha qeyd edək ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı Azərbaycan dilinin qorunması məsələsinə milli ideologiya səviyyəsində yenidən diqqət yönəltdi. Bu çıxış həm dövlət siyasətinin prioritetlərini açıqladı, həm də cəmiyyət üçün çağırış rolunu oynadı. Azərbaycan dilinin saflığının qorunması yalnız hüquqi yox, həm də mənəvi məsələdir. Bu dil xalqımızın yaddaşı, tarixi və varlığının təməlidir. Ana dilini qorumaq - milli kimliyi gələcək nəsillərə bütöv şəkildə ötürmək deməkdir. Cənab Prezident nitqində vacib olan başqa bir məsələni də nəzər diqqətə çatdırdı ki, Böyük, Şanlı Zəfərlə biz təkcə ərazi 0bütövlüyümüzü deyil, həm də milli-mənəvi dəyərlərimizi, ən başlıcası ana dilimizi gələcək övladlarımıza bütöv və saf bir miras olaraq ötürməliyik.
Zülfiyyə İsmayıl,
filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Naxçıvan Bölməsi