London, 9 dekabr, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Mertslə Dauninq Stridə görüş keçirib.
AZƏRTAC Britaniya Baş nazirliyinin ofisinə istinadla xəbər verir ki, liderlər Avropanın təhlükəsizliyi üçün ABŞ-ın rəhbərlik etdiyi sülh danışıqlarının əhəmiyyətini müzakirə edərək indiyə qədər əldə olunan irəliləyişi dəstəkləyiblər. Liderlər Ukraynada ədalətli və dayanıqlı sülhün vacibliyini vurğulayıblar. Qeyd olunub ki, bu sülh güclü təhlükəsizlik təminatlarını ehtiva etməlidir.
Diplomatik səylərin davam etdiyi vaxtda Avropanın Ukraynanın yanında dayanmasının, onun müdafiə qabiliyyətini gücləndirməsinin zəruri olduğu qeyd olunub. Liderlər, həmçinin dondurulmuş Rusiya dövlət aktivlərindən Ukraynanın bərpası üçün istifadədə əldə olunan müsbət nəticələri müzakirə ediblər.
Fransa, Almaniya və Ukrayna liderləri ilə görüşdən sonra Baş nazir Kir Starmer Prezident Zelenski ilə birlikdə digər Avropa müttəfiqləri ilə videokonfrans keçirib və son vəziyyət barədə məlumat verib. Liderlər razılaşıblar ki, hazırkı mərhələ həlledici məqamdır. Ukraynaya dəstəyi və Rusiyaya qarşı iqtisadi təzyiqi artırmaqla müharibəyə son qoymaq vacibdir.
AZƏRTAC-ın xüsusi müxbiri
London