Yaddaşlarda nadir şəxsiyyət, qüdrətli dövlət xadimi və Ümummilli Lider kimi qalan dahi Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində daim yaşayır və hörmətlə yad edilir!
Tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük şəxsiyyət kimi daxil olan Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan, Vətən qarşısında xidmətlərindən və müstəqilliyi dövründə Azərbaycana layiqincə rəhbərlik etməsindən nə qədər danışsaq yenə də az olar. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə məhz Ulu Öndərin müdrikliyi, qətiyyəti, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Bu gün də həyatın bütün sahələrində qazanılan uğurların təməlində Heydər Əliyev ideyaları, Onun müdrik strategiyası dayanır.
Heydər Əliyev dühası 1969-cu ilədək SSRİ-nin aqrar respublikası kimi tanınan Azərbaycanı çox qısa müddətdə inkişaf etmiş sənaye ölkəsinə, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevirə bildi. O, ölkəsini, sözün əsl mənasında, qaranlıqdan aydınlığa çıxardı, ətalət buzunu əritdi. 1969-cu ilin 14 iyulunda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ilə həyatın ritmi büsbütün dəyişdi. Ölkəmizin müstəqillik tarixinin, işıqlı yolunun başlanğıcı qoyuldu. Ulu Öndərin ölkəmizə rəhbərliyinin birinci dövrü milli özünüdərkin oyanması, soykökə qayıdışın başlanğıc dövrü kimi də səciyyəvidir. Böyük şəxsiyyət Sovet dövrünün bütün ideoloji-siyasi maneələrinə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürdü, ictimai şüurdakı qorxunu aradan qaldırdı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırdı. Bir sözlə, Ulu Öndər şüurlarda inqilabi dəyişiklik yaratdı. Azərbaycan 1969-1982-ci illərdə inkişaf etmiş sənaye-aqrar respublikasına çevrildi. İttifaq miqyasında gördüyü nəhəng işlər, fitri təşkilatçılıq bacarığı Onun şöhrətini getdikcə artırırdı. Obyektiv siyasətçilər hesab edirdilər ki, Heydər Əliyev Sov.İKP MK-nin Baş katibi vəzifəsinə ən yaxşı namizəddir. Sonra məlum hadisələr baş verdi. Mixail Qorbaçov siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə münasibət dəyişdi, Ona qarşı həsəd və qısqanclıq hissləri baş qaldırdı. Ölkə rəhbərliyi ilə aralarında yaranmış ixtilaflar və ciddi fikir ayrılığı səbəbindən Ulu öndər istefa verdi.
Ulu Öndər Heydər Əliyev əsl liderlik keyfiyyətlərini nümayiş etdirərək 20 Yanvar faciəsi zamanı öz xalqının yanında oldu və sovet rəhbərliyinin bu cinayətini pislədi. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra çətin vəziyyətlə üzləşdi, 1991-1993-cü illərdə hakimiyyətdə hökm sürən böhran ölkəni vətəndaş müharibəsinə aparır, yaranmış vəziyyətdən sui-istifadə edən Ermənistan Azərbaycanı parçalamaq, onun müstəqilliyinə təhdid yaratmağa cəhd göstərirdi. Ermənistanın Azərbaycana hərbi təcavüzü və xalqımıza qarşı etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi – Qarabağ və ətraf yeddi rayon işğal edilmiş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü.
1993-cü il iyun ayının 15-də Azərbaycan xalqının təkidi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıtmış, məhz Ulu Öndərin müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti sayəsində gənc, müstəqil respublika qaçılmaz fəlakətdən qurtulmuş, ölkənin daxili və xarici siyasətində sabitlik bərqərar olunmuş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəs əldə edilmiş, ölkə yeni inkişaf dövrünə qədəm qoymuşdur. Görkəmli dövlət xadiminin 30 ildən artıq bir dövrü əhatə edən xalq qarşısında misilsiz xidmətləri dövlətçilik salnaməsində bir irs yaratmışdır. Azərbaycan xalqı Heydər Əliyev tərəfindən görülmüş işləri layiqincə qiymətləndirərək, Onu xalqın Ümummilli Lideri kimi əbədiləşdirmişdir.
Ulu Öndər Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub. Ulu Öndər Heydər Əliyevin siyasi rəhbərliyi dövründə milli maraqlar öndə dayanmaqla Qərbə inteqrasiya yolu tutuldu. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. "Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. Dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış bu müqavilə sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı. 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarıldı. Enerji layihələri, neft-qaz strategiyası tarixə onun adı ilə düşdü. Azərbaycan milli gəlirini artırmağa başladı. Bu gəlir ölkənin iqtisadi inkişafında mühüm rol oynadı. Neft amili Azərbaycanın həm də milli təhlükəsizlik faktoruna çevrildi.
Demokratik məzmunlu dəyişikliklərin təşəbbüskarı olan Heydər Əliyev kütləvi informasiya vasitələri üzərində senzuranı aradan qaldırdı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Qanunlar Avropa standartlarına uyğunlaşdırıldı. Çoxpartiyalı sistem yarandı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm təsisatların yaradılması, ölüm hökmünün ləğv edilməsi, onlarla digər islahat xarakterli demokratik təşəbbüslər həyata keçirildi. Bunlar Avropa Şurası qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsinin sübutları idi. O, Azərbaycanın iqtisadi baxımdan güclü olmasının əsaslarını yaradarkən, bunu həm də Qarabağın azadlığı üçün edirdi. Çünki güclü iqtisadiyyat olmadan güclü ordu qurmaq mümkün deyildi. Heydər Əliyev imza atdığı nəhəng iqtisadi layihələrdə məhz bu hədəf üçün - Qarabağın işğaldan qurtarılması üçün çalışdı. Həmin iqtisadi layihələr ölkəmizin maliyyə gücünü artırdı. Nəticədə Azərbaycan güclü ordu quruculuğuna nail oldu.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Vətən müharibəsindəki möhtəşəm Qələbə ilə Ulu Öndərin ideyalarınına bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha əyani göstərdi. Döyüşlərin getdiyi 44 gün ərzində Prezident İlham Əliyev hərb meydanında Müzəffər Sərkərdə, diplomatik cəbhədə böyük Strateq nümunəsi sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan Lider kimi mübarizlik, müdriklik rəmzinə çevrildi. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və onun yaxın silahdaşı, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğur Dahi Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların təntənəsidir.
Xalqımız 22 ildir ki 12 dekabrı Ulu Öndər Heydər Əliyevin anım günü kimi dərin məhəbbət və minnətdarlıq hissi ilə qeyd edir. Millətin sevgisini və rəğbətini qazanmış Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri misilsizdir. Ona görə də O, Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Öndər kimi qalacaqdır. Onun əziz xatirəsi qədirbilən xalqımızın yaddaşında özünə əbədi məskən salıb. Xalqımızın böyük oğlu, əsl azərbaycanlı Heydər Əliyevin vəfatından illər ötsə də onun əziz xatirəsi həmişə Azərbaycan xalqının qəlbində yaşayacaq və hər yerdə xalqımız tərəfindən hörmətlə yad ediləcəkdir! Dərin hörmət və ehtiramla anırıq!
Sevinc Azadi, “İki sahil”