AZ

Poliomielitin qlobal miqyasda aradan qaldırılması üçün 1,9 milyard dollar ayrılacaq

Qahirə, 9 dekabr, AZƏRTAC

Dünyada poliomielit xəstəliyinin (uşaq iflici) tamamilə aradan qaldırılması məqsədilə ümumilikdə 1,9 milyard ABŞ dolları məbləğində maliyyə yardımı ayrılacaq.

AZƏRTAC xəbər verir ki, bu, dekabrın 8-də Əbu-Dabidə səhiyyə sahəsində beynəlxalq liderləri və dünyanın nüfuzlu tərəfdaşlarını bir araya gətirən yüksək səviyyəli beynəlxalq konfransda elan edilib.

Qərar alınıb ki, ayrılacaq maliyyə dəstəyi 2022–2029-cu illər üçün Qlobal Poliomieliti Ləğvetmə Təşəbbüsünün (GPEI) həyata keçirilməsinə və hər il 370 milyon uşağın peyvəndlənməsinə, ciddi təsirə məruz qalmış ölkələrdə səhiyyə sistemlərinin möhkəmləndirilməsinə yönəldiləcək.

Qlobal öhdəlik Əbu-Dabi Maliyyə Həftəsi çərçivəsində baş tutan “İnsanlığa investisiya: poliomieliti aradan qaldırmaq üçün birləşək” adlı tədbirdə elan olunub. Konfransda Məhəmməd bin Zayed Humanitar Təsir Fondunun sədr müavini Şeyx Həmdan bin Məhəmməd bin Zayed əl-Nəhyan, Pakistanın planlaşdırma və inkişaf üzrə federal naziri Əhsən İqbal Çaudri, Qeyts Fondunun sədri və İdarə Heyətinin üzvü Bill Qeyts, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, eləcə də bir sıra hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri və özəl sektor təmsilçiləri iştirak ediblər.

Poliomielitin qlobal miqyasda ləğvi üçün Qeyts Fondu 1,2 milyard dollar, Məhəmməd bin Zayed Humanitar Təsir Fondu 140 milyon dollar, “Rotary International” 450 milyon dollar, “Bloomberg Philanthropies” Fondu 100 milyon dollar, Pakistan 154 milyon dollar, Almaniya 62 milyon dollar, ABŞ 46 milyon dollar, Yaponiya 6 milyon dollar, ABŞ-dakı İslam Ərzaq və Qidalanma Təşkilatı IFANCA 4 milyon dollar və Lüksemburq 3 milyon dollar ayırmağı öhdəlik götürüb.

 
Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
28
1
azertag.az

2Mənbələr