AZ

Toni Bleyer Qəzza “Sülh Şurası”ndan KƏNARLAŞDIRILDI

Toni Bleyer Qəzza “Sülh Şurası”ndan kənarlaşdırıldı

İraq müharibəsindəki roluna görə etirazla qarşılanan Böyük Britaniyanın eks-baş naziri fərqli komitədə yer alacaq.

İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Nəşrin məlumatına görə, Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyer ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında təklif etdiyi “Sülh Şurası”nın tərkibindən çıxarılıb. Bildirilir ki, onun prosesə cəlb edilməməsi barədə qərar bir sıra ərəb və müsəlman dövlətlərinin etirazlarından sonra qəbul edilib.

Bu ölkələrin sərt mövqeyinin səbəbi kimi eks-baş nazirin 2003-cü ildə ABŞ-ın rəhbərliyi ilə İraqa hərbi müdaxiləni dəstəkləməsi və bunun onun Yaxın Şərqdəki nüfuzuna ciddi xələl gətirməsi göstərilir.

Məlumata əsasən, Bleyer “Şura”nın əvəzinə İcraiyyə Komitəsində yer alacaq. O, burada Trampın kürəkəni Cared Kuşner, xüsusi nümayəndə Stiv Uitkoff, eləcə də ərəb və Qərb ölkələrinin yüksək vəzifəli rəsmiləri ilə birlikdə fəaliyyət göstərəcək.

Qəzza planlarında ilkin mərhələdə adı çəkilməyən İcraiyyə Komitəsinin “Sülh Şurası” ilə Qəzza zolağının gündəlik idarəçiliyi tapşırılan Fələstin Texnokratik Komitəsinin fəaliyyətini əlaqələndirəcəyi gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
17
interpress.az

1Mənbələr