AZ

Qazaxıstanlı dizayner: “MALIK” brendinin unikallığı təvazökar, amma ifadəli modadadır

Bakı, 9 dekabr, Günel Alıyeva, Səfiyar Məcnun, AZƏRTAC

Bu cür genişmiqyaslı və möhtəşəm tədbirdə iştirak mənim üçün böyük şərəfdir. Nümayişə tamamilə ənənəvi qazax üslubunda olmayan 10 obraz gətirmişəm: bəzi libaslarda örpək var, bəzilərində isə yalnız yüngül stilizasiya hiss olunur. Bundan əvvəl kolleksiyalarımı müxtəlif ölkələrdə təqdim etmişəm və çoxlu müsbət rəylər almışam.

Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində Qazaxıstanın “MALIK” brendinin nümayəndəsi Malika Usupova söyləyib.

M.Usupovanın sözlərinə görə, onun libaslarının əsas özəlliyi məhz onların təvazökarlığıdır.

“Bu gün bütün dünyada “modest fashion” istiqaməti sürətlə populyarlıq qazanır, burada açıq-saçıq görünüş deyil, əksinə, daha qapalı və zərif siluet dəyərləndirilir. Düşünürəm ki, bu, daha müasir və daha maraqlıdır. Brendimin unikallığını məhz bunda görürəm”, – deyə dizayner vurğulayıb.

Nümayişə hazırlıqdan danışan Malika Usupova bildirib ki, o, kolleksiyalarını qısa müddətdə yaradır, lakin materialların keyfiyyəti məsələsində heç vaxt qənaət etmir: “Bu nümayişə təxminən iki həftə ərzində hazırlaşmışam. Artıq öz iş sistemim formalaşıb, amma parçaları hər zaman çox dəqiqliklə seçirəm. Onları müxtəlif ölkələrdən, əsasən də İstanbuldan alıram. Mənim üçün vacib olan parçanın gözəl, teksturalı, qeyri-adi olmasıdır. Sonuncu dəfə 3D-effektli parçalar seçmişdim, belə materiallara başqa heç yerdə rast gəlməmişəm”.

Dizayner Azərbaycan haqqında təəssüratları ilə də bölüşüb: “Bakı Fashion Week”ə artıq ikinci dəfə gəlirəm və burada özümü çox rahat hiss edirəm. Ölkəniz son dərəcə qonaqpərvərdir, burada qazaxları ürəkdən sevirlər. Bu, inanılmaz dərəcədə xoşdur. Azərbaycan bizim üçün qardaş ölkədir və böyük məmnuniyyətlə bura təkrar gələcəyəm. Azərbaycanlı modellər qeyri-adi gözəlliyə malikdir, bizim üçün bu, bir növ ekzotikadır. Burada hər şey xoşuma gəlir: mətbəx, ab-hava, şəhərin özü. Xüsusilə də İçərişəhər məndə çox güclü təəssürat yaradıb”.

Seçilən
14
1
azertag.az

2Mənbələr