Dekabrın 8-də Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: mövcud vəziyyət və perspektivlər” adlı konfrans keçirilib. Konfransda hökumət üzvləri və nümayəndələri, dilçi alimlər, ədəbiyyat xadimləri, media sahəsində fəaliyyət göstərən qurumların rəhbərləri, Milli Məclisin deputatları, Parlament Aparatının məsul şəxsləri və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Newscenter.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Milli Məclisin sədri Sahibə Qafarova tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr edilən tədbirdə çıxış edərək milli inkişafın mühüm istiqamətləri ilə yanaşı, Azərbaycan dilinin qorunması məsələlərinə xüsusi diqqət yetirdi. AMEA-da səsləndirilmiş həmin fikirlər elmi ictimaiyyətin üzərinə yeni vəzifələr qoyur və dil siyasətinin inkişafında alimlərin bilik və təcrübəsi xüsusi əhəmiyyət daşıyır.
Spiker bildirib ki, bu konfransın məqsədi Azərbaycan dilinin qorunması və inkişafı strategiyalarını müzakirə etmək, bu istiqamətdə parlamentin, elmi ictimaiyyətin və ziyalıların vəzifələrini müəyyən etməkdir.
Spiker bildirib ki, dilimizin qorunması sahəsində, həm də dövlət dili səviyyəsinə yüksəldilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin atdığı tarixi addımlar danılmazdır.
Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969–1982-ci illər milli tariximizə həm də mədəni intibah dövrü kimi daxil olub. Həmin dövrdə xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsaslar genişləndirilib.
Məhz Ümummilli Liderimizin əzmkarlığı sayəsində 1978-ci ildə Azərbaycan Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verilib.
Spiker Sahibə Qafarova qeyd edib ki, 1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə hazırlanıb qəbul edilən Konstitusiyamız Azərbaycan dilinin dövlət dili statusunu bir daha təsbit edib və bu, dil siyasətimizin möhkəm hüquqi bazasını formalaşdırıb.
Bununla yanaşı, “Dövlət dili haqqında” Qanun və digər normativ hüquqi aktlar dilimizin idarəetmə, təhsil, elm və informasiya məkanında praktiki tətbiqini təmin edən vacib mexanizmlər yaradıb.
Bu gün də Ulu Öndərin müəyyən etdiyi həmin xətt müasir dövrün tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən ardıcıl davam etdirilir. Azərbaycan dilinin qorunması, ədəbi dil normalarının inkişafı və onun müasir texnologiyalara inteqrasiyası dövlət siyasətinin prioritet istiqamətləri sırasındadır.
Dövlət başçısı Azərbaycan Milli Elmlər Akademiyasının yubiley tədbirində qeyd etdi ki: “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır”.
Bu çağırış dil məsələsinin təkcə dövlət orqanlarının deyil, bütün cəmiyyətin üzərinə düşən milli məsuliyyət olduğunu göstərir.
Bu prosesdə parlamentin öz missiyası var. Çünki qanunvericilik təşəbbüsləri, dilin təhsil proqramlarına inteqrasiyası, elmi terminologiyanın yenilənməsi kimi məsələlər Milli Məclisin daim diqqət mərkəzindədir və parlamentin dəstəyi strateji qərarların ardıcıl və uğurlu şəkildə həyata keçirilməsini təmin edir.
Milli Məclisin sədri bildirib ki, Azərbaycan dilinin qarşısında müasir dünyanın dinamikasından irəli gələn yeni vəzifələr dayanır. Bu vəzifələr dilin saflığının qorunması, rəqəmsallaşma və yeni texnologiyalara inteqrasiyası, terminologiyaların elmi əsaslarla yenilənməsi və s. ibarətdir.
Bütün bu çağırışların təhlili onu göstərir ki, Azərbaycan dilinin yeni inkişaf mərhələsinə qədəm qoyması sistemli, uzunmüddətli və elmi cəhətdən əsaslandırılmış bir yanaşma tələb edir. Odur ki, gələcək dil siyasətinin strateji istiqamətlərini müəyyən etmək ən vacib vəzifələrdən biridir.
Dil siyasətinin yeni mərhələsindən danışan spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, qarşıya qoyulan əsas hədəflər arasında Təhsildə müasir metod və texnologiyalarla dil tədrisinin təkmilləşdirilməsi, Mediada və ictimai məkanda ədəbi dil normalarına əməl olunmasının gücləndirilməsi, Terminologiyanın geniş elmi bazada eyniləşdirilməsi və yenilənməsi, Azərbaycan dilinin dünya elmi və mədəni məkanında nüfuzunun artırılması, Azərbaycan dilinin rəqəmsal və texnoloji platformalarda tam funksional tətbiqi, Süni intellekt sistemlərinə dilimizin inteqrasiya səviyyəsinin yüksəldilməsi əsas prioritetlər sırasındadır.
Spiker çıxışında bir daha vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dilini dövlət müstəqilliyinin əsas atributu kimi müəyyənləşdirdi və dil siyasətini dövlət ideologiyasının ayrılmaz tərkib hissəsinə çevirdi.
Bu gün isə Prezident İlham Əliyev bu strateji xətti daha geniş, innovativ və müasir bir mərhələyə aparır. Onun Azərbaycan Milli Elmlər Akademiyasında çıxışında səsləndirdiyi çağırışlar bir daha göstərir ki, Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil – bu dil bizim milli yaddaşımızın aynasıdır, mənəvi irsimizin daşıyıcısı, dövlətçilik təfəkkürümüzün formalaşdığı bir məkandır. Dilimizin yaşaması və inkişafı millətimizin yaşaması və inkişafı deməkdir. Bu dil əsrlərin hikmətini, şairlərin sözünü, düşüncə adamlarının ideyalarını, millətin ruhunu daşıyır.
Çıxışına yekun vuran Milli Məclisin sədri bildirib ki, biz öz dilimizi qoruduqca güclənəcəyik. Biz bu dili inkişaf etdirdikcə dünyada yerimizi daha qətiyyətlə möhkəmləndirəcəyik. Bu dilin gələcəyinə sahib çıxmaqla, biz əslində Azərbaycanın gələcəyinə sahib çıxırıq.
Tədbirdə Elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın prezidenti, Toponimiya komissiyasının sədri İsa Həbibbəyli, Milli Məclis sədrinin müavini Rafael Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Xalq şairi Sabir Rüstəmxanlı, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, Aidiovizual Şuranın sədri İsmət Səttarov, Milli Məclisinin komitə sədrləri - Anar İsgəndərov, Siyavuş Novruzov, Əli Hüseynli, Fazil Mustafa, parlamentin komitə sədrinin müavini Jalə Əliyeva, deputatlar - Hikmət Məmmədov, Cavanşir Feyziyev, Elçin Mirzəbəyli, Elnarə Akimova, AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri Elçin İsmayılov çıxış ediblər.
Çıxış edənlər Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında Prezident İlham Əliyevin dil siyasəti ilə bağlı səsləndirdiyi fikirləri Azərbaycan dilinin gələcək inkişaf strategiyasını müəyyən edən fundamental tezislər kimi dəyərləndiriblər.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin müdafiəsi sahəsində həyata keçirdiyi tarixi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi dövlət dilinin inkişafında yeni mərhələnin əsasını qoyur. Bildiriblər ki, Azərbaycan dili dövlətçiliyin və xalqın birliyinin mühüm atributu kimi qorunmalı və inkişaf etdirilməlidir.
Vurğulanıb ki, Azərbaycan dilinin saflığının təmin edilməsi, lüğət tərkibinin zənginləşdirilməsi, terminoloji sistemin elmi əsaslarla inkişaf etdirilməsi müasir dövrün çağırışları fonunda xüsusi aktuallıq kəsb edir. Bu baxımdan dil siyasətinin sistemli şəkildə həyata keçirilməsi, dövlət orqanlarının, elm və təhsil müəssisələrinin, medianın, ictimai institutların bu prosesdə fəal iştirakı mühüm əhəmiyyət daşıyır.
Çıxışlarda Azərbaycan dilinin saflığının qorunması, mediada dilin düzgün istifadəsi, rəsmi, mədəni və işgüzar mühitdə, ədəbiyyatda, ümumiyyətlə, ictimai həyatın bütün sahələrində ədəbi dil normalarına riayət olunması, təhsil sistemində Azərbaycan dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsi, elmi-metodik əsaslarının təkmilləşdirilməsi, AMEA-nın dövlət dili siyasətinə elmi dəstəyi, normativ bazanın elmi əsaslarla hazırlanması və dövrün çağırışlarına uyğun yenilənməsi, Azərbaycan toponimlərinin qorunması ilə bağlı fikirlər bildirilib, rəy və təkliflər səsləndirilib.
Bununla da konfrans öz işini başa çatdırıb.
Süleyman