Bakı, 9 dekabr, Günel Alıyeva, Səfiyar Məcnun, AZƏRTAC
Bu, hələ 2014-cü ildə üzərində işlədiyim dizayner xəttidir. Həmin dövrdə geyimdə xalça mövzusuna demək olar heç kim müraciət etmirdi, xalça motivli libaslar faktiki olaraq yox idi. Mən isə məhz bu istiqaməti şüurlu şəkildə seçdim və kolleksiyanı ayrıca konseptual bir şüarla təqdim etdim.
Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində tanınmış dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova söyləyib.
Dizaynerin sözlərinə görə, hələ 2007-ci ildə onun əsas ideyası Azərbaycan milli geyimi gününün təsis edilməsi və bunun dünyanın müxtəlif ölkələrindən gələn turistlər üçün maraqlı olacaq rəngarəng festival formatında keçirilməsi idi.
G.Xəlilova qeyd edib ki, zamanla bu təşəbbüsdən “Xalçaların dili”, “Turan”, “Gəncliyin səsi”, “Şəbəkə”, “Miniatür” və digər kolleksiyalar yaranıb və onların hər biri xalça mövzusuna və onun ruhuna həsr olunub.
Kolleksiyalarının əsas konseptindən danışan dizayner vurğulayıb ki, başlıca ideya hər libasda milli ruhun hiss olunmasıdır: “Bu gün təqdim etdiyim kolleksiya axşam libaslarından ibarətdir. Onlardan aksesuarsız da istifadə etmək mümkündür. Lakin kəmər, bəzək əşyaları, çanta əlavə etdikdə obraz həm daha milli, həm də daha zərif və ifadəli görünür. Bu dəfə təqdim etdiyim kolleksiya da eyni prinsiplə hazırlanıb”.
G.Xəlilova qeyd edib ki, başlıca məqsədi Azərbaycanı istənilən formatda və müxtəlif ölkələrdə layiqincə təmsil etməkdir.
“Məni tez-tez dizayner kimi xaricə dəvət edirlər və mənim üçün Vətənimi şərəflə və sevgi ilə təmsil etmək həmişə vacib olub”, – deyə o, əlavə edib.
Dizaynerin sözlərinə görə, söhbət milli ruhdan gedirsə, əsas ilham mənbəyi Azərbaycan xalçaları, memarlıq və tarix abidələri, tariximiz və mənəvi dəyərlərimizdir: “Bu elementlərin hər biri mənə yeni ideyalar verir. Üstəlik, mən təbiətcə çox yaradıcı insanam, işi ürəkdən və səmimi şəkildə görürəm, zəhməti sevirəm və bütün bunlar məni daim ruhlandırır”.