Ukrayna lideri: Sülh danışıqları irəliləsə də, dövlət suverenliyi müzakirə mövzusu deyil…
Poliqon xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ tərəfindən təqdim olunan sülh planının əvvəl 28 bənddən ibarət olduğunu, lakin son versiyada 20 bəndə endirildiyini bildirib. Onun sözlərinə görə, sənəd üzərində iş davam edir, lakin Ukrayna üçün “qırmızı xətt” dəyişməz olaraq qalır: ərazi güzəştləri müzakirə predmetinə çevrilə bilməz.
Zelenski vurğulayıb ki, Ukraynanın suverenliyi və ərazi bütövlüyü hər hansı danışıqlar paketinin əsası olmalıdır.
“Biz kompromislərə hazırıq, amma dövlətçiliyin əsasları üzrə yox. Heç bir sənəd Ukraynanın torpaqlarından imtina etməsini nəzərdə tuta bilməz”, deyə Ukrayna prezidenti vurğulayıb.
Prezident əlavə edib ki, beynəlxalq tərəfdaşlarla danışıqlar intensivləşib və bir sıra maddələr razılaşdırılıb, lakin hələ də mübahisəli məqamlar qalır. Onun sözlərinə görə, məqsəd “ədalətli və davamlı sülh” əldə etməkdir, əks halda “donmuş münaqişə gələcək nəsillər üçün təhlükə yaradacaq”.
Zelenski həmçinin Qərb ölkələrinin dəstəklərinin davam etməsinin həlledici olduğunu qeyd edib və vurğulayıb ki, Ukrayna öz mövqelərini müdafiə etməkdə qətiyyətlidir.
Poliqon.info