Gununsesi saytına istinadən ain.az xəbər verir.
Avropa İttifaqı ilə Ermənistan arasında 2 dekabrda imzalanan “Tərəfdaşlıq üçün gündəm” sənədi Brüsselin Cənubi Qafqazda balanslı siyasətinə və post-münaqişə dövründə sülhə töhfə vermək iddiasına ciddi suallar yaradır. Aİ-nin əvvəlki rəhbərliyinin regiona Ermənistan prizmasından yanaşması Azərbaycanla münasibətləri durğunluğa salmış, bu siyasət isə xüsusilə Jozep Borrell kimi erməni lobbisinin təsirində olan fiqurlarla əlaqələndirilirdi. Rəhbərlik dəyişikliyi Bakıyla münasibətlərdə yeni səhifə açacağına dair ümidlər yaratsa da, Ermənistanla imzalanan sənədin məzmunu bu gözləntiləri arxa plana keçirir.
64 səhifəlik sənəd Ermənistanla bağlı olsa da, Azərbaycana geniş yer ayrılması sual doğurur: Aİ həqiqətən regionda sülhə töhfə vermək istəyir, yoxsa başqa məqsədləri var?
Mövzu ilə bağlı Gununsesi.info -ya danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Avropa İttifaqı (Aİ) uzun müddətdir Azərbaycana münasibətdə qərəzli mövqe sərgiləyir.
“Aİ-nin qəbul etdiyi qərar və qətnamələrin əksəriyyətində Azərbaycanla bağlı ədalətli yanaşma müşahidə olunmur və bəzi hallarda ölkə haqqında əsassız iddialar irəli sürülür. Aİ-nin Ermənistandakı müşahidə missiyası da Bakıda narahatlıq doğuran məsələlərdəndir. Bu missiyada yer alan şəxslərin bəziləri müxtəlif Avropa ölkələrinin xüsusi xidmət orqanlarında təcrübəyə malik olduqları üçün missiyanın fəaliyyəti sırf müşahidə ilə məhdudlaşmır və müəyyən təhlükəsizlik riskləri yarada bilər. Bu səbəbdən rəsmi Bakı dəfələrlə həmin missiyanın Ermənistandan çıxarılmasını tələb edib. Aİ hazırda Cənubi Qafqazda özünün əsas tərəfdaşı kimi Ermənistanı seçib. Aİ-nin Gürcüstanla münasibətlərində gərginliklər mövcuddur, Azərbaycanla isə əsas əməkdaşlıq sahəsi enerji təhlükəsizliyi ilə məhduddur. Bununla belə, Aİ Azərbaycanın müstəqil xarici siyasət kursunu tam qəbul etmir və Bakının daha çox Aİ maraqlarına uyğun davranmasını gözləyir. Rəsmi Bakı isə bu yanaşmadan kənarda duraraq öz müstəqil mövqeyini qorumaqdadır”,- o deyib.
Politoloq əlavə edib ki, Aİ strukturlarında Ermənistanı dəstəkləyən mövqelərin formalaşmasında erməni lobbi qruplarının təsiri də müəyyən rol oynayır. Onun iddiasına görə, bəzi Avropa siyasətçilərinin bu lobbilərin təsiri altında qərarlar verdiyi ilə bağlı məlumatlar mövcuddur və bu da Aİ-də balanslı mövqenin formalaşmasını çətinləşdiri: ” Aİ-nin hazırkı addımları yaxın perspektivdə də Azərbaycanın ünvanına yönəlmiş qərəzli siyasətin dəyişəcəyinə ümid yaratmır”.
Ayşən
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.