AZ

Vətən müharibəsi şəhidi Sahil Məmmədovun anım günü qeyd edilib

Vətən müharibəsi şəhidi Sahil Məmmədovun anım günü qeyd edilib

 

44 günlük Vətən müharibəsində Kəlbəcər–Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan baş leytenant Sahil Rasim oğlu Məmmədovun anım günü qeyd edilib. Bu münasibətlə şəhidin doğulduğu Qaraçuq kəndində mərasim keçirilib, məzarı ziyarət olunub.

 

Anım tədbirində dövlət qurumlarının və yerli icra strukturlarının nümayəndələri, şəhid ailələri, qazilər və ictimaiyyət iştirak edib. Şəhidin xatirəsi ehtiramla yad olunub, Qurani-Kərim oxunub, dualar edilib.

 

Tədbirdə çıxış edənlər Vətənimizin bütövlüyü və azadlığı uğrunda canından keçən şəhidləri minnətdarlıqla yad edərək Sahil Məmmədovun qısa, lakin şərəfli həyat yolundan danışıblar. Bildirilib ki, qəhrəman övladlarımızın fədakarlığı xalqımızın qəlbində daim yaşayır və onların xatirəsi hər zaman uca tutulur. Şəhidin anası Sahilə xanım göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.

 

Tədbirdə Naxçıvan şəhər Heydər Əliyev adına və 12 nömrəli tam orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Müəllimlər şəhid ailəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

 

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Sahil Rasim oğlu Məmmədov 7 iyun 1995-ci ildə Naxçıvan şəhərinin Qaraçuq qəsəbəsində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan Sahil Məmmədov xidmətə başladıqdan sonra Tovuz döyüşlərində, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində iştirak edib. O, Murovdağ yüksəklikləri uğrunda gedən döyüşlərdə 28 sentyabr tarixində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb və doğulduğu kənddə dəfn olunub.

 

Qəhrəman şəhidimiz göstərdiyi igidliyə görə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. Şəhid Sahil Məmmədov ailəli idi, bir qız övladı yadigar qalıb.

 

Ruhu şad olsun!

 

Bəxtiyar Əliyev

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi



Seçilən
26
herbiand.az

1Mənbələr