“Məncə Azərbaycan kinosu hələ ilk addımlardadır. Burada söhbət müstəqil və müasir Azərbaycan kinosundan gedir. Biz Sovet dövrü Azərbaycan kinosunu sanki büküb bir kənara qoymuşuq. Çünki daha o yolu getmirik. Müstəqil Azərbaycan kinosu hazırda özünəməxsus yeni kino dili və estetikası axtarışındadır”.
Bu fikirləri XVI Bakı Beynəlxalq Film Festivalı çərçivəsində İranın əslən azərbaycanlı olan tanınmış rejissoru Reza Siami “Cebheinfo.az”-ın Azərbaycanın müasir kinosunu necə qiymətləndirdiyi ilə bağlı sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, bununla bağlı mövzular və o mövzulara yanaşma da fərqlidir:
“Həmin dövr dövlət sistemi və s. aradan qaldırılıb. Ona görə də ümid edirəm ki, kino sahəsinin inkişafı yavaş- yavaş nətiicə verir. Məsələn, indi Hilal Baydarovun filmlərini izləyirəm və görürəm ki, həqiqətən də nəticə verir. Yeni estetik xətt formalaşır, yeni sinema tərzi ortaya çıxır. Yavaş-yavaş bu, daha çox yerliləşəcək. Mən inanıram ki, festivalda Azərbaycan filmi təqdim olunanda artıq ilk baxışdan “Bu, Azərbaycan kinosudur” deyiləcək”.
Festivaldakı filmlər haqqında fikirlərini bölüşən rejissor deyib:
“Mən bu il İrandan olan nümayəndə kimi Münsiflər Heyətində iştirak edirəm. Yerli filmlər müsabiqəsində münsif kimi 11 bədii, 6 sənədli və 5 tələbə filmini izlədim. Çox zövq aldım. Xüsusən də gənc nəslin kinoya, topluma, müxtəlif siyasi və ictimai məsələlərə yanaşma tərzi məni təəccübləndirdi. Ümid edirəm ki, bu, gələcəkdə həm mövzu, həm üslub, həm də estetika baxımından fərqli və yeni sinemanın, kinonun yaranmasına səbəb olsun”.
"İran filmlərini izləyənlər qeyd edirlər ki, orada güclü dramatizm var və uzun müddət təsirindən çıxmaq olmur. Bu, nə ilə əlaqəlidir?" sualına cavabda həmsöhbətimiz deyib:
“İrandan xarici festivallara çıxan filmlərin əksəriyyəti etiraz xarakterlidir. Bu filmlərin böyük hissəsi beynəlxalq festivallarda uğur qazanır. Həmin ekran işlərini çəkən rejissorlar İran cəmiyyətində, sistemində və hakimiyyətdə mövcud olan problemlərə tənqidi yanaşma, etirazçı mövqeyi ilə seçilirlər. Onların baxış açısından çəkilən fimlər təbii ki, bir az belə olacaq. Amma bununla yanaşı, dövlət sifarişi ilə çəkilən yerli filmlər də var, amma onlar əsasən ölkə daxilində nümayiş etdirilir və İrandan xaricə çıxmır. Kinolar elə İran içində göstərilir və bitir”.