AZ

"Mina təmizlənməsi Qarabağda ekoloji bərpanı sürətləndirir" - QHT sədri

“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova Qarabağda mina və partlamamış hərbi sursatların ətraf mühitə, ekosistemə və torpağın sağlamlığına göstərdiyi mənfi təsirlər barədə QHT.az-a açıqlama verib.

QHT sədri bildirib ki, mina təmizlənməsi yalnız humanitar zərurət deyil, həm də regionun ekoloji və iqtisadi dirçəlişinin əsas şərtidir:

"Minalar torpaqda uzun müddət qaldıqda metal korruziyaya uğrayaraq toksid maddələr torpağa sızdırır, torpaq mikroflorası və faunası zədələnir, erroziya riski artır, bitkilərin tutma riski azalır. Minalar təmizləndikdə isə bioloji müxtəlifliyin bərpası üçün şərait formalaşır, yerli bitki növlərinin əkilməsi mümkün olur, torpağın üzvimaddə tutumu zamanla yüksəlir. Bunu da qeyd etmək lazımdır ki,minalar təmizləndikdən sonra belə torpağın tam ekoloji sağalması illər tələb edə bilər,lakin təmizlənmə prosesi isə bu yolu açan əsas şərtdir.

Meşə zolaqları və otlaq sahələri Qarabağın ekoloji balansı üçün vacibdir. Təmizlənmə nəticəsində erroziyanın qarşısı alınır, hevanlar üçün yaşam sahəsi genişlənir, yaşıllaşdırma layihələri sürətlənir,karbon udma potensialı artır,bu isə iqlim dəyişməsinə müsbət təsir göstərir".

Sonda QHT rəhbəri vurğulayıb ki, mina təmizlənməsi Qarabağda hər bir bərpa mərhələsinin başlanğıc nöqtəsidir:

"Üzləşdiyimiz mina probleminin nə qədər böyük və mürəkkəb olmasına baxmayaraq, ölkəmiz mümkün ən qısa müddətdə bunun öhdəsindən gəlmək üçün bütün gücünü səfərbər edib. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Milli minatəmizləmə potensialımızın gücləndirilməsi istiqamətində davamlı olaraq iş aparılır. Bir sözlə mina təmizlənməsi torpağın ekoloji bərpasını birbaşa surətləndirir.Bu səbəbdən Qarabağda mina təmizlənməsi təkcə humanitar yox, həm də ekoloji və iqtisadi dirçəlişin başlanğıc şərtidir".

 

Pərvanə Fərhadqızı

Seçilən
11
qht.az

1Mənbələr