“Səmavi dinlərdə ölmədən əvvəl qəbir yerinin müəyyənləşdirilməsi ənənəsi və tövsiyyəsi yoxdur. Lakin harada, hansı şəhər və ya məkanda dəfn edilmək haqda vəsiyyət etmək var. Yoxsa hərənin özünə qəbir yeri alması, onu bəziləri kimi qazdırıb hazırlatması qaydası, buyuruğu yoxdur”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan səsləndirib.
“Amma bir istisna var. Əgər qəbir yeri tapmaq çətin olarsa, öldükdən sonra onun dəfni üçün müşkülat yaranma ehtimalı olarsa bu zaman insan özünə qəbir yeri, hətta kəfən də almalıdır. Ölkəmizdə insanların özünə əvvəlcədən qəbir yeri alması zəruri ehtiyacdan yaranır. Çünki qəbristanlıqlardakı xaotik vəziyyət, işbazların qəbir yeri alveri və digər mənfur hallar məcbur edir ki, adamlar meyitləri layiqsiz yerdə dəfn olunmamaq üçün sağlıqlarında yer alırlar”.
İlahiyyatçı qeyd edir ki, əslində qəbristanlıqlarda hər ailə üçün müvafiq yerlər ayrılmalıdır.
“Xüsusən Bakıda ölmək indi çox çətindir, nəinki yaşamaq. Qəbir yeri tapmaq, onu pulla almaq kasıb adamlar üçün dəhşətdir. Lakin bəzi imkanlı adamlar yaxud harın məmurlar var ki, hər şeyi var, bircə qəbir qəbir çatmır. Odur ki, böyük əraziləri özləri üçün zəbt edirlər ki, öləndən sonra da geniş məkanda dəfn olunsunlar. Bunun da qarşısı alınmır. Əksinə, aidiyyəti qurumlar buna maddi mənafe qarşılığında şərait yaradırlar. Kasıb, imkansız, sosial vəziyyəti ağır olanlar isə qəbir yeri də ala bilmir. Birtəhər qıraq yerlərdə bir parça torpaq tapıb ölünü basdırırlar. Adam sabahın çörəyini ona görə bu gün alır ki, sabah almaq imkanı yaxud fürsəti, vaxtı olmayacaq. Qəbir yerini də ona görə əvvəlcədən alırlar ki, məmurlar zəbt edəcək, kasıb öləndə yer tapa bilməyəcəklər. Qabaqcadan qəbir yeri almaq istəyi narahatlıqdan, etibarsızlıqdan, qaçhaqovdan yaranır”.
Aynurə İsmayıl
KONKRET.az