AZ

Yeni qanunla kimlərə məsafədən işləmək hüququ veriləcək? Deputatdan AÇIQLAMA

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Məsafədən (distant) işləmək qanuniləşir. Bu barədə məsələ Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, distant iş təcrübəsi dünyada artıq geniş yayılıb:

"İnformasiya texnologiyalarının və süni intellektin bu gün istehsalatda tətbiqi işçinin artıq iş yerində olmasına, müdiriyyətin ona nəzarət etməsinə ehtiyac qoymur. Onunla müqavilə bağlanır və o, istədiyi yerdə, hətta xarici ölkədə belə yerləşərək tapşırıqları yerinə yetirir. Bu isə müxtəlif iş sahələri ola bilər: informasiya texnologiyaları üzrə proqramların hazırlanması, mühasibatlıq, hər hansı bir dizaynın yaradılması, logistik məsələlərin həlli, müəyyən tapşırıqların icrası və s. Bakının özündə artıq özəl şirkətlərdə distant işlə bağlı çoxsaylı təcrübə var. Artıq bu qanuniləşir. Çünki distant işdə çalışanların da əmək hüquqları qorunmalıdır və Azərbaycan bunu qanunlaşdırır. Yəni dünya iqtisadiyyatında inkişafa aparan nə varsa, Azərbaycan onların hamısını tədricən öyrənərək, öz təcrübəsinə uyğunlaşdıraraq və yenilikləri nəzərə alaraq tətbiq etməyə çalışır. Bu, günün tələbidir, bunlar edilir və hesab edirəm ki, bu, işəgötürənin bu məsələdə daha sərbəst hərəkət etməsinə imkan verəcək. Bu, eyni zamanda Azərbaycan vətəndaşlarının xarici şirkətlərlə distant şəkildə işləməsinə və öz biliklərini tamamilə Azərbaycandan çıxmadan xarici ölkələrdə tətbiq etməsinə şərait yaradacaq".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
1
redaktor.az

2Mənbələr