AZ

Parkinson xəstəliyinin az nəzərə çarpan əlaməti müəyyənedildi

Alimlər Parkinson xəstəliyinin diaqnoz qoyulmamışdan təxminən doqquz il əvvəl ortaya çıxan yeni, gizli əlamətini müəyyən ediblər. Tübingen Universitet Xəstəxanasının tədqiqatçıları müəyyən ediblər ki, insanın yeriyərkən dönüş etmə sürətinin azalması xəstəliyin ən erkən göstəricilərindən biri ola bilər.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "Annals of Neurology" jurnalında dərc olunub.

Araşdırma üçün 50 yaşdan yuxarı min nəfərin onillik müşahidə məlumatlarından istifadə edilib. Könüllülərin bel nahiyəsinə xüsusi sensor qurğu yerləşdirilib və bu cihaz onların koridor boyunca yeriyərkən dönüş parametrlərini, dönüş bucağını, müddətini və sürətini qeydə alıb. Alimlər xüsusilə “pik bucaq sürəti”nə, yəni insanın dönüş zamanı ən sürətli hərəkət etdiyi ana diqqət yetiriblər.

Analiz göstərib ki, pik bucaq sürətinin azalması Parkinson xəstəliyinin klinik əlamətləri görünməzdən təxminən 8,8 il əvvəl başlayır. Bu dəyişiklik xəstəliyin klassik simptomları əllərin titrəməsi, əzələ sərtliyi və ya yerişin pozulmasından xeyli əvvəl özünü göstərir.

Tədqiqatçılar əldə etdikləri nəticəni yoxlamaq üçün yaş, cins və dönüş göstəricilərini nəzərə alan maşın öyrənməsi modelindən istifadə ediblər. Model Parkinson xəstəliyinin inkişafını AUC 80,5% dəqiqliklə proqnozlaşdırıb ki, bu da uzunmüddətli proqnoz üçün yüksək göstərici hesab olunur.

Araşdırmanın həmmüəllifi, Merdok Universitetinin dosenti Bruk Qaln bildirib ki, nəticələr xəstəliyin erkən aşkarlanması üçün yeni imkanlar açır:

“Əgər geyilə bilən sensorlardan əldə olunan məlumatlar digər erkən əlamətlərlə birləşdirilsə, riski olan şəxsləri klinik simptomlar yaranmamışdan çox əvvəl müəyyən etmək mümkün olacaq. Bu isə xəstəliyin gedişatını ləngidə biləcək neyroprotektor müalicələrin daha tez tətbiqinə şərait yarada bilər”, - deyə alimlər qeyd ediblər.

Nuriyyə NATİQQIZI

Seçilən
32
1
redaktor.az

2Mənbələr