AZ

Pakistanlı nazir: Pakistan xalqı hər zaman Azərbaycanı öz ikinci vətəni kimi görüb - EKSKLÜZİV

Bakı, 8 dekabr, Aytac Haqverdiyeva, Səfiyar Məcnun, AZƏRTAC

Bakıda olmaq mənim üçün öz evimdə olmaq qədər doğmadır. Biz, Pakistan xalqı hər zaman Azərbaycanı, eləcə də Bakını öz ikinci vətənimiz kimi görmüşük. Bu səmimiyyət, bu yaxınlıq yalnız diplomatik münasibətlərdən irəli gəlmir, tarixi bağlarımızdan, ortaq ağrılarımızdan, ortaq sevinclərimizdən və hər zaman bir-birimizin yanında olma iradəmizdən qaynaqlanır.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Pakistan İslam Respublikasının federal milli irs və mədəniyyət naziri Aurangzeb Khan Khichi deyib.

Nazir Pakistan nümayəndə heyəti, eləcə də kino sənayesinin nümayəndələrinin İƏT Mədəniyyət Festivalında fəal iştirak etdiyini bildirib: “Bu festival təkcə mədəniyyətin nümayişi deyil, xalqlarımızın bir-birini daha yaxından tanıması, mədəni mübadilə və yaradıcı əməkdaşlıq üçün yeni körpü rolunu oynayır. Mən əminəm ki, bu tədbir hər kəs üçün qarşılıqlı öyrənmə, inkişaf və əməkdaşlıq baxımından mühüm platforma olacaq”.

O qeyd edib ki, Pakistan–Azərbaycan münasibətləri sadəcə diplomatik əlaqələr üzərində qurulmayıb. Hər iki ölkə və hər iki xalq zamanın sınağından keçmiş qardaşlardır. “Tarixin hər mərhələsində bir-birimizin yanında olmuşuq və bu gün də eyni sarsılmaz birlik və dəstək ruhu ilə davam edirik. Tarix sübut edib ki, həm Azərbaycanın Pakistan üçün, həm də Pakistanın Azərbaycan üçün dəstəyi heç vaxt şübhə altında olmayıb. Hər zaman bir-birimizin sevincində də, kədərində də yan-yana dayanmışıq. Belə ki, Azərbaycanın Zəfər paradında Pakistanın Baş naziri Məhəmməd Şahbazın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə iştirak etməsi bizim qardaşlıq bağlarımızın nə qədər güclü olduğunu açıq şəkildə göstərib. Bu, həm dostluğun, həm də dərin strateji əməkdaşlığın rəmzidir”.

Nazir sonda Azərbaycana və İslam Əməkdaşlıq Təşkilatına “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” kimi möhtəşəm tədbirə və konfransa dəvət üçün dərin minnətdarlığını bildirib, həmçinin Azərbaycan xalqına səmimi qonaqpərvərlik və yüksək təşkilatçılığa görə təşəkkür edib.

Seçilən
68
azertag.az

1Mənbələr