Türkiyənin ən böyük quru hərbi texnika ixracatçısı “Otokar”, hər sərgidə olduğu kimi, IDEF-2025 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində də diqqətləri üzərinə çəkdi. “Koç Qrupu”na daxil olan “Otokar” şirkəti sərgidə COBRA II, ARMA, TULPAR, URAL və AKREP II kimi dünyaca məşhur zirehli texnikalarını fərqli konfiqurasiyalarda nümayiş etdirərək ön plana çıxdı.
Rumıniya üçün sifariş edilən COBRA II-nin ilk təqdimatı və TULPAR-ın 120 mm-lik versiyasının Türkiyədə ilk dəfə nümayiş etdirilməsi sərginin ən yadda qalan məqamlarından biri oldu. “Otokar”ın ARMA ailəsinə aid olan üç müxtəlif zirehli transportyoru isə ASELSAN stendində sərgiləndi. Bu da şirkətin getdikcə genişlənən məhsul çeşidini və qabaqcıl texnologiya sahəsindəki bacarıqlarını bir daha ortaya qoydu.
Dünyanın dörd bir yanından dövlət və özəl sektor nümayəndələrinin iştirak etdiyi IDEF-2025-də “Otokar”, geniş məhsul portfeli və artmaqda olan beynəlxalq nailiyyətləri ilə Türkiyə müdafiə sənayesinin gücünü dünyaya nümayiş etdirən əsas şirkətlərdən biri oldu.
IDEF-2025 sərgisi təkcə Türkiyə müdafiə sənayesinin qlobal miqyasda nüfuzunu möhkəmləndirməklə kifayətlənmədi, həmçinin qardaş Azərbaycan üçün mühüm mesajlar verdi. Çünki “Otokar”ın sərgilədiyi hər bir yeni texnologiya, Azərbaycan Silahlı Qüvvələrinin modernləşmə prosesində strateji tərəfdaşlığın daha da dərinləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
“Poliqon” jurnalı olaraq biz də “Otokar”ın müdafiə sənayesindəki yeniliklərini, beynəlxalq bazardakı mövqeyini və Azərbaycanla əməkdaşlıq perspektivlərini öyrənmək məqsədilə “Otokar” şirkətinin baş direktor müavini Sedef Vehbi ilə müsahibə etdik.
– Sedef xanım, “Otokar” son dövrlərdə müdafiə sənayesində hansı yeni məhsul və texnologiyalarla fərqlənib? Şirkət hərbi texnika istehsalında hansı yenilikləri həyata keçirir?
– Son dövrlərdə çox intensiv şəkildə müştəri yönümlü işləyirik. Mövcud müqavilələrimiz çərçivəsində xeyli sayda sifariş alırıq və bunları vaxtında çatdırmaq üçün əlimizdən gələni edirik. Müqavilə öhdəliklərimizi müştərilərimizə qarşı qüsursuz şəkildə yerinə yetirməyə çalışırıq.
IDEF-2025 sərgisində 10 texnikamızla iştirak edirik. Xüsusilə atəş gücümüzü əhəmiyyətli dərəcədə yüksəltmişik. Həm 8×8 ARMA, həm də TULPAR texnikalarımız üzərində yüksək kalibrli silah sistemləri nümayiş etdiririk. Bunları gələcək potensial layihələrə uyğun hazırlamışıq. TULPAR üzərində 120 mm, ARMA 8×8 üzərində isə 105 mm atəş gücü mövcuddur.
– “Otokar”ın yeni hərbi texnikalarında tətbiq etdiyi əsas texnoloji yeniliklər hansılardır? Şirkət elektrikli və ya hibrid sistemlərlə işləyən hərbi nəqliyyat vasitələri sahəsində hansı təkmilləşdirmələri reallaşdırır?
– Elektrikli nəqliyyat vasitələri, açığı, orduların geniş və fəal istifadəsi üçün hələ tam yetkin sistem sayılmır. Amma biz sənayedə öncül olduğumuz üçün bu sahədə işlərə artıq başlamışıq. Bu IDEF-də sərgiləmədik, lakin daha əvvəl sərgilədiyimiz aşağı siluetli, yüksək kalibrli silah daşıyıcısı AKREP maşınımızın elektrik versiyası üzərində işləmələrimiz davam edir.
Praktik baxımdan “ordular elektrikli vasitələrə hazırdırmı?” sualının cavabı: hazır olduqlarını deyə bilmərəm, hələ ki qəti olaraq “bəli” deyil. Bu bir qədər gələcəyə yönəlmiş, visioner düşüncədir. Lakin biz öncülüyümüzü qoruyaraq bu sahədəki təkmilləşdirmələrimizi davam etdiririk.
– “Otokar” xarici bazarlarda necə rəqabət üstünlüyü əldə edir və hansı yeni texnologiyaları təqdim etməyi planlaşdırır?
– Xarici bazarda üstünlüyümüz olduqca böyükdür. “Otokar” dünya nəhəngləri Amerika və Avropa şirkətləri ilə birbaşa rəqabət aparır və tenderlərdə qalib gəlir. Üstəlik, bunu Avropa kimi son dərəcə çətin və tələbkar bazarlarda edirik. Avropalı və amerikalı rəqibləri geridə qoyaraq tenderlərdə qalib gəlmək, əslində “Otokar”ın həqiqi gücünü göstərir.
Bu gün xarici bazarlarda, dünyanın bir çox bölgəsində çox fəal şəkildə fəaliyyət göstəririk.
– Sedef xanım, siz də qeyd etdiniz ki, “Otokar” IDEF sərgisində 10 məhsulunu nümayiş etdirir. Bu məhsullar barədə bir qədər ətraflı məlumat verə bilərsinizmi? Həmçinin bu texnikaların müdafiə sektorundakı əhəmiyyəti nədən ibarətdir?
– Dediyim kimi, sərgilədiyimiz nəqliyyat vasitələri əslində üzərində çalışdığımız layihələr əsasında formalaşıb. Ən mühüm yeniliyimiz, Rumıniyaya təhvil verdiyimiz 4×4 COBRA II zirehli maşınının Rumıniya konfiqurasiyası oldu. Bu nəqliyyat vasitəsini ilk dəfə məhz burada nümayiş etdiririk. Bu, təkcə Rumıniyadan deyil, digər Avropa ölkələrindən də böyük maraq görən bir nəqliyyat vasitəsi oldu.
Məqsədimiz yalnız fəaliyyət göstərdiyimiz ölkələrin ehtiyaclarını qarşılamaq deyil, eyni zamanda oradan ixrac etmək istiqamətində hədəflərimiz də var.
Bu baxımdan sərgidəki ən yeni inkişaf, Rumıniya konfiqurasiyalı COBRA II nəqliyyat vasitəsinin təqdimatıdır.
Bundan əlavə, iki fərqli konfiqurasiyada TULPAR, iki fərqli konfiqurasiyada 8×8 nəqliyyat vasitələrimiz, həmçinin 6×6 maşınımız, yarımhərbi URAL avtomobilimiz və minaya qarşı qorumalı COBRA II MRAP nəqliyyat vasitəmiz sərgidə yer alır.
– “Otokar” IDEF sərgisində hansı müştərilərlə görüşlər keçirib və şirkətin təqdim etdiyi məhsullara qarşı hansı reaksiyalarla qarşılaşıb?
– “Otokar” hər zaman olduğu kimi, xüsusilə xarici müştərilərdən böyük maraq və təqdir görən bir şirkətdir. IDEF sərgisinə gələn bütün nümayəndə heyətlərini stendimizdə qonaq etdik. Onların bir çoxu ilə ciddi işgüzar görüşlərimiz davam edir. Lakin bu layihələrin detalları barədə hazırda məlumat verməyim məqsədəuyğun olmaz.
– “Otokar” məhsullarını hansı beynəlxalq bazarlara ixrac edir və bu bazarlarda hansı məhsullara daha çox tələbat var?
– “Otokar” hazırda 40-dan çox ölkədə fəaliyyət göstərir və 70-dən artıq son istifadəçiyə xidmət edir. Şirkətin məhsulları artıq dünyanın dörd qitəsində geniş yayılıb. Mərkəzi Asiyada da layihələri izləyirik, Avropada fəal şəkildə çalışırıq. Afrikada çox aktivik, Cənubi Amerikada güclü mövqeyimiz var və Cənub-Şərqi Asiyada da intensiv fəaliyyət göstəririk.
– Şirkətin ixrac bazarlarında hansı ölkələrlə strateji əməkdaşlığı mövcuddur və hansı yeni bazarlara daxil olmağı planlaşdırır?
– Azərbaycanda daha fəal olmağı hədəfləyirik. Əslində, Azərbaycan artıq müştərimizdir, lakin biz onu “xarici müştəri” kimi deyil, öz vətənimiz kimi görürük. Burada daha geniş miqyasda fəaliyyət göstərmək, daha çox layihədə yer almaq istəyirik. Bu səbəbdən əməkdaşlığımızı necə gücləndirə biləcəyimizi araşdırırıq.
– “Otokar” ilə Azərbaycan arasındakı mövcud əməkdaşlıq nədən ibarətdir və bu əməkdaşlığın genişləndirilməsi üçün hansı addımlar atılacaq?
– Bildiyiniz kimi, iki ölkə arasında artıq çox geniş əməkdaşlıq mövcuddur. Həm Azərbaycan Respublikası, həm də Türkiyə Respublikası bir-biri ilə çox yaxın münasibətlərə malikdir və qarşılıqlı şəkildə hər cür dəstəyi göstərirlər. Biz də bu çərçivədə mövqeyimizi qorumağa və əməkdaşlığı daha da irəliyə aparmağa çalışırıq.
– “Otokar” Azərbaycanın müdafiə tələbatını qarşılamaq üçün hansı xüsusi həllər və məhsullar təqdim edir?
– Azərbaycanın xüsusilə 8×8 tipli ağır sinifli nəqliyyat vasitələrinə ehtiyacı olduğunu bilirik. Bu layihəyə namizədik və həmin nəqliyyat vasitələrini Azərbaycanda istehsal etmək istəyirik. Məqsədimiz Azərbaycanın müdafiə sənayesinə töhfə vermək və yerli istehsalı dəstəkləməkdir.
Bundan başqa, müxtəlif 4×4 tipli nəqliyyat vasitələrinə də ehtiyac olduğunu bilirik və Azərbaycanın öz müdafiə sənayesini inkişaf etdirmək istiqamətindəki səylərinə dəstək verməyə tam hazırıq.
Bizim imkan və qabiliyyətlərimiz Azərbaycanın ehtiyaclarına uyğun şəkildə qiymətləndirilə bilər və lazım olan hər bir həlli təqdim etməyə hazırıq.
– Azərbaycan tərəfdən MİRAS kimi şirkətlərin “Otokar” ilə görüşlər keçirdiyinin şahidi oluruq. Bu çərçivədə “Otokar” gələcəkdə Azərbaycanla əməkdaşlığı daha da gücləndirmək üçün hansı yeni layihələri və əməkdaşlıq imkanlarını araşdırır?
– Həm şirkətlərlə, həm də rəsmi qurumlarla görüşlərimiz davam edir. Əlbəttə, bizim sektorumuzda qaydaları müştəri müəyyənləşdirir – bunu həmişə vurğulayıram. Əgər hər hansı özəl şirkətlə əməkdaşlıq edəcəyiksə, bu, mütləq şəkildə Azərbaycan rəsmiləri tərəfindən təsdiqlənməli və qəbul edilməlidir.
Nəticə etibarilə, əsas məqsədimiz ölkəyə fayda vermək, silahlı qüvvələrə xidmət göstərmək və eyni zamanda iqtisadi inkişaf prosesinə töhfə verməkdir. Bu məqsədlə həm şirkətlərlə, həm də rəsmi qurumlarla dialoqumuzu davam etdiririk.
– “Otokar” müdafiə sənayesində ixrac etdiyi məhsulların dünya bazarlarındakı rəqabət gücünü necə artırır?
– Yaxşı dizayn, yüksək keyfiyyətli məhsul, satışdan sonrakı güclü xidmət və münasib qiymət kombinasiyası ilə rəqabət qabiliyyətimizi artırırıq.
– Sedef xanım, sonda əlavə etmək istədiyiniz fikirlər varmı?
– Hər sərgidə sizinlə bir araya gəlməkdən böyük məmnunluq duyuruq. “Poliqon”la bizim ayrıca bir ürək bağımız var, tıpkı Azərbaycanla olduğu kimi. Yeni layihələr və ya yeniliklər olduqda onları sizinlə paylaşmağa hər zaman hazırıq.
– Dəyərli vaxtınızı ayırdığınız üçün təşəkkür edirik.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */




