AZ

Özbəkistanla təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib



Bakı Avrasiya Universitetində (BAAU) Özbəkistanın nüfuzlu ali təhsil müəssisələrindən olan Səmərqənd Dövlət Universitetinin və İpək Yolu Turizm və Mədəni İrs Beynəlxalq Universitetinin nümayəndələri ilə görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə BAAU-nun rektoru dos. Səyavuş Qasımov, Beynəlxalq əlaqələr üzrə prorektoru dos. Sevda Rzayeva, Ümumi fənlər kafedrasının müdiri dos. Sevil Bəhrəmova, Ümumi fənlər kafedrasının müəllimi İmmi Hüseynova, həmçinin Səmərqənd Dövlət Universiteti nəzdindəki Mərkəzi Asiya Xalqları və Mədəniyyəti İnstitutunun özbək dilçiliyi kafedrasının dosenti İstoda Rasulova, İpək Yolu Turizm və Mədəni İrs Beynəlxalq Universitetinin Beynəlxalq qrantlar və müqavilələr ofisinin müdiri Feruza Akramova ilə eyni universitetin müəllimi Charos Mehdiyeva iştirak ediblər.

Görüş zamanı tərəflər iki universitet arasında elmi, akademik və mədəni əməkdaşlıq imkanlarının genişləndirilməsi üzrə çoxşaxəli müzakirələr aparıblar.

Müzakirələr çərçivəsində birgə elmi-tədqiqat layihələrinin reallaşdırılması, tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, akademik proqramların yenilənməsi, həmçinin müştərək simpozium və seminarların təşkili kimi perspektiv əməkdaşlıq istiqamətləri diqqət mərkəzində olub. Tərəflər həmçinin turizm, mədəni irs, dilçilik və sosial elmlər sahələrində innovativ yanaşmaların tətbiqi və təcrübə mübadiləsinin intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.

Səfər çərçivəsində qonaqlar həmçinin BAAU-nun Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri, dos. Zəminə Rüstəmbəyli ilə də görüşüblər, universitetin Kitabxana və İnformasiya Mərkəzi ilə yaxından tanış olublar. Onlara mərkəzdə mövcud olan elektron resurslar, rəqəmsal kitabxana imkanları, müasir informasiya texnologiyalarından istifadə prosesi və tələbələr üçün yaradılmış şərait barədə məlumat təqdim edilib.

Sonda tərəflər münasibətlərin davamlı şəkildə inkişaf etdirilməsi istiqamətində qarşılıqlı razılığa gəliblər.

Süleyman
Seçilən
20
newscenter.az

1Mənbələr