AZ

Azərbaycan dili fənni üzrə üzrə dərs saatları niyə artırılır? - AÇIQLAMA

Elm və təhsil naziri Emin Əmrullayev bu gün parlamentdə müzakirələr zamanı bildirib ki, tədris planlarında Azərbaycan dili fənni üzrə dərs saatları artırılacaq.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov bildirdi ki, Azərbaycan dili fənninin dərs saatlarının artırılması sadəcə Azərbaycan dilinin inkişafı ilə əlaqədar deyil:

"Mən düşünürəm ki, insan hansı dildə təhsil alırsa, əgər təhsil ana dilindədirsə, həmin dili çox mükəmməl şəkildə bilməlidir. O dildə sadəcə oxuyub-yazmaq həmin dili bilmək demək deyil. O dilin ədəbiyyatına hakim olmaq, frazeoloji birləşmələrini, ədəbi nümunələrini, ifadə tərzlərini və üslublarını bilmək çox önəm kəsb edir. Məsələn, mənim hazırda fəaliyyət göstərdiyim Amerikada orta məktəblərdə İngilis dili əsas fənlərdən biridir. İngilis dili, riyaziyyat, təbiət fənləri əsas fənlər hesab olunur. Çünki bu dildə təhsil alan insanlar həmin dilin incəliklərini və xüsusiyyətlərini bilmədən digər fənləri də tam mənasında qavraya, başa düşə bilmirlər".

Müsahibimiz əlavə etdi ki, beynəlxalq təhsilin qiymətləndirilməsi imtahanlarında suallar şagirdlərə ana dilində təqdim olunur:

"15 yaşlıların qiymətləndirilmələrində, dördüncü siniflərin daxili monitorinqində və Azərbaycan miqyasında keçirilən digər monitorinqlərdə şagirdlərdən sualı anlamaq tələb olunur. Yəni əgər söhbət sadəcə əzbərdən gedirsə, əlbəttə, o zaman Azərbaycan dili biliyinə çox da ehtiyac olmaz, çünki yalnız bilik səviyyəsində olan məlumat yoxlanılır. Bilik isə sadəcə hafizəyə əsaslanır. Amma digər mərhələlər anlama, dərk etmə, analiz, sintez, qiymətləndirmə, dərin anlamanı tələb edir. Bunların hamısı isə Azərbaycan dili biliyini tələb edir. Yəni hansı dildə təhsil alırsansa, həmin dili mükəmməl bilmək bilik qazanma mərhələsinin daha üst səviyyələrinə çıxmaqla yaxından əlaqəlidir. Bunu elmi nəzəriyyələr və elmi tədqiqatlar sübut edir. Ona görə də düşünürəm ki, Azərbaycan dili fənninin dərs saatlarının artırılması sadəcə Azərbaycan dilinin inkişafına xidmət etmir, bununla yanaşı digər fənlərin də anlaşılmasına, dərk edilməsinə və öyrənilməsinə xidmət edir".

Nuriyyə NATİQQIZI

Seçilən
4
redaktor.az

1Mənbələr