Azərbaycanda ali təhsil müəssisələrində semestr imtahanlarının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilməsi təklif edilib. Qeyd olunur ki, universitetlərə qəbul asanlaşdırılmalı, universitet təhsili isə çətinləşdirilməlidir.
Belə bir təklifin reallaşdırılmasına ehtiyac varmı?
Təhsil eksperti Məzahir Məmmədli Redaktor.az-a açıqlamasında bildirdi ki, DİM-in qəbul qaydaları son iki ildə müəyyən şübhələr doğurur:
"Apellyasiya müraciətlərinin sayı bu fikri deməyə əsas verir. Artıq apellyasiyaya verənlərin sayı on minlərin üzərindədir. Bu, o deməkdir ki, bu qədər adam DİM-in buraxılış və qəbul imtahanlarından narazıdır. Əksinə düşünürəm ki, ali təhsil müəssisələrinə böyük imkanlar tanımalıyıq. Hətta müəyyən mənada qəbul qaydalarında da sadələşdirilmə aparılsın, universitetlərə seçim hüququ verilsin. Biz daha çox bu istiqamətdə düşünürük. İndi təklif varsa ki, semestr imtahanlarını DİM keçirsin, bu, ümumiyyətlə, Azərbaycan formatında uyğun gəlməz. DİM-in özü bir funksiya yerinə yetirməlidir: ya qəbulu həyata keçirməlidir, ya da test bankı hazırlamalıdır. Amma DİM bütün bu işlərin hamısını öz üzərinə götürdüyündən, fəaliyyəti müəyyən qədər şübhə altındadır. Ona hansı universitet etibar edər ki, mənim semestr imtahanımı keçirsin? Yəni Azərbaycan variantında mümkün olmayan bir şeydir. Mən belə düşünürəm".

Müsahibimiz vurğuladı ki, DİM əslində səhvlərini etiraf edir:
"DİM-in fənlərlə bağlı səhvi oldu. DİM də bu məsələ ilə bağlı abituriyentlərdən üzr istəməklə kifayətlənir. Amma yaşatdığı stresi, gərginliyi nəzərə almır. Yəni təkcə üzr istəməklə iş bitmir".
Aytəkin TOİFQQIZI