AZ

Seyid Əzim Şirvaninin 190 illiyi çərçivəsində yeni layihə: şairin bədii irsinin ilk rəqəmsal konkordansı hazırlanıb

Bakı, 8 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn tədbirlər planı çərçivəsində ölkəmizdə görkəmli ədəbiyyat və mədəniyyət xadiminin irsinin araşdırılması istiqamətində daha bir mühüm addım atılıb.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Süni intellekt və kompüter dilçiliyi şöbəsinin əməkdaşları - dosent Könül Həbibova və proqramçı Vasif Həşimov həmin şöbənin müdiri professor Məsud Mahmudovun rəhbərliyi ilə Seyid Əzim Şirvaninin bədii irsinin rəqəmsal konkordansını tərtib ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, yeni hazırlanmış konkordans klassik şairin bədii irsini sistemli şəkildə əhatə edir, onun poetik leksikonunun tezlik göstəricilərini, semantik qatlarını və üslub xüsusiyyətlərini müasir texnologiyaların tətbiqi ilə üzə çıxarır. Layihənin əsas məqsədi Seyid Əzimin zəngin irsinin həm ədəbi tədqiqatçılar, həm də texnoloji humanitar sahədə çalışan mütəxəssislər üçün əlçatan və strukturlaşdırılmış şəkildə təqdim olunmasıdır.

Süni intellekt və kompüter dilçiliyinin metodları əsasında tərtib olunan bu konkordans şairin yaradıcılığının rəqəmsal-humanitar aspektdən ilk genişmiqyaslı təhlili üçün yeni üfüqlər açır. Müasir linqvotexnoloji alətlər vasitəsilə hazırlanmış bu resurs gələcəkdə tədqiqatçılara poetik mətnlərin avtomatik təhlili, semantik şəbəkələrin qurulması və klassik irsin rəqəmsal arxivləşdirilməsi sahəsində yeni imkanlar təqdim edir.

Layihə Seyid Əzim Şirvaninin yaradıcılığının daha dərindən öyrənilməsi və dünya elmi ictimaiyyətinə təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Seçilən
81
azertag.az

1Mənbələr